Sinesteziya beyində sensor bölgələr arasında güclü əlaqələr yaradan nevroloji fenomendir. Bu vəziyyətdə insanlar səsləri rənglərlə, sözləri dadlarla və ya rəqəmləri məkan düzülüşü ilə əlaqələndirə bilirlər. Araşdırmalar göstərir ki, sinesteziya yaddaşı və diqqəti gücləndirərək dil öyrənmə prosesini asanlaşdıra bilər.

Məsələn, sinesteziya yaşayan Smadar Friş rəng kodlaşdırma sistemi tətbiq edərək fransız və ispan dillərini cəmi iki ay ərzində öyrənib. O bu üsulla yeddi dili mükəmməl mənimsədiyini bildirir. Sussex Universitetindən Culiya Simnerin araşdırmaları göstərir ki, sinesteziyalı uşaqlar söz ehtiyatı, diqqət və yaradıcılıq baxımından digərlərindən daha üstün olurlar. Bu faktorlar isə birinci və ikinci dilin öyrənilməsini asanlaşdırır.
Kanada Toronto Universitetinin psixoloqları sinesteziyanın dil öyrənmədə statistik nümunələri daha asan tanımağa kömək etdiyini aşkarlayıblar. Tədqiqat nəticələrinə görə, sinesteziyalılar yeni dillərin strukturunu daha tez ayırd edə bilirlər. Lakin bəzi hallarda bu fenomen ünsiyyəti çətinləşdirə bilər, çünki qavrayış fərdi və unikal olduğundan sözlərin mənasını anlamaq üçün əlavə vaxt tələb oluna bilər.
Bütün hallarda sinesteziya insan beyninin dil və qavrayış proseslərini daha dərindən araşdırmağa imkan yaradır. Bu fenomen bəzi insanlar üçün çətinliklər yaratsa da, çoxları üçün dil öyrənmədə güclü bir vasitəyə çevrilir.
Mənbə: BBC News
Tərcümə etdi: Xavər Məmmədli
