Bu gün:

Tramp və Makronun görüşünə damğa vuran anlar


Fransa prezidenti Emmanuel Makron Ukrayna məsələsində ABŞ prezidenti Donald Trampı inandırmaq məqsədilə Vaşinqtona səfər edib. Ağ Evdə keçirilən zirvə görüşündə ən çox diqqət çəkən məqamlardan biri Makronun Trampın bəzi fikirlərini düzəltməsi olub. İki lider arasında davam edən “qəribə əl sıxışma diplomatiyası” isə medianın gündəminə düşüb.

ABŞ prezidenti Donald Tramp dünən Fransa prezidenti Emmanuel Makronla bir araya gəlib. ABŞ və Avropa arasında gərginliyin getdikcə artdığı bir vaxtda baş tutan bu görüş, xüsusilə qərbdə böyük maraqla izlənilib. Liderlər Ağ Evdə keçirdikləri mətbuat konfransında Ukraynadakı müharibə ilə bağlı önəmli mesajlar veriblər.

Makron Ukraynada sülhü təmin edəcək sürətli, lakin dayanıqlı bir razılaşma istədiklərini vurğulayaraq: “Sülh Ukraynanın təslim olması demək deyil və atəşkəs (təhlükəsizlik) zəmanətləri olmadan təmin edilə bilməz”, – deyə bildirib. Tramp isə müharibə yox, sülh istədiyini vurğulayaraq: “Məhz bu səbəbdən Ukrayna ilə kritik minerallar, nadir metallar və digər müxtəlif mövzularda razılığa gəlməliyik”, – ifadələrini işlədib.

Makron transatlantik əlaqələri qorumağa çalışıb

The Washington Post qəzetinin məlumatına görə, Ukrayna müharibəsinin ildönümündə Ağ Evi ziyarət edən Makron Vaşinqton və Moskva arasında tarixi yenidənqurma prosesinin getdiyi bir vaxtda transatlantik əlaqələri qorumağa çalışıb.

Qəzet Makron və Tramp arasındakı münasibətləri “mürəkkəb” kimi qiymətləndirib və iki liderin ilk tanışlıq dövrünü xatırladıb.

Qəribə əl sıxışma diplomatiyası

İngilis mediası da Tramp və Makron arasında baş verən qəribə “əl sıxışma diplomatiyası”na diqqət çəkib. The Telegraph qəzeti yazıb ki, “İki prezident həddindən artıq sərt və bir dəfə düz 29 saniyə davam edən əl sıxışmaları ilə məşhurdur. Onların qeyri-adi intensivliyi və uzunluğu sosial mediada böyük maraq doğurub və bu son görüş də istisna olmayıb".

The New York Times isə bildirib ki, iki prezident kameralar qarşısında qucaqlaşaraq və əl sıxaraq dostluq nümayiş etdirməyə çalışıblar. Lakin Ukraynadakı müharibə səbəbilə ABŞ və Avropa arasında böyüyən fikir ayrılığını ört-basdır edə bilməyiblər. Qəzetin geniş təhlilində vurğulanıb ki: “Ukrayna işğalının ildönümündə bir araya gələn iki lider, Ağ Evdə keçirilən samimi görüş zamanı bir-birinə xoş sözlər söyləsələr də, açıq bir ayrılıqdan qaçmağa çalışıblar. Lakin müharibənin səbəbləri tərəflərin münaqişədəki rolu və mümkün həll yolları barədə ciddi fikir ayrılıqları yaşanıb. Tramp Rusiya prezidenti Vladimir Putini diktator adlandırmaqdan imtina edərkən, Fransa prezidenti Emmanuel Makron açıq şəkildə bildirib ki, təcavüzkar tərəf Rusiyadır".

Görüşə damğa vuran anlar

İki liderin görüşü zamanı ən çox müzakirə olunan məqamlardan biri Ukraynaya göstərilən yardımlarla bağlı olub.

ABŞ prezidenti Tramp Avropanın Kiyevə etdiyi yardımları “Avropa Ukraynaya borc verir və sonra həmin vəsaiti geri alır” sözləri ilə dəyərləndirib. Bunu eşidən Makron görüşün əvvəlindən fransızca danışmasına baxmayaraq, dərhal ingilis dilində danışmağa başlayıb. Trampın qolundan tutaraq onun fikirlərini düzəldən Makron Ukraynaya göndərilən yardımların yalnız borcdan ibarət olmadığını, ABŞ-də olduğu kimi qrantlar, kreditlər və kredit zəmanətlərindən ibarət olduğunu bildirib.

Tramp isə Makronun bu izahını şübhə ilə qarşılayaraq, gülümsəyib və əlini yelləyib.

İngiltərənin BBC nəşri qeyd edib ki, Makron Ukrayna məsələsində Avropanın mövqeyini ifadə edərkən Tramp ilə görüşündə incə bir tarazlıq qoruyub. BBC-nin təhlilində vurğulanıb ki, Fransa Prezidentinin Ağ Evə səfəri uğurlu hesab oluna bilər:

“Avropa və ABŞ arasındakı münasibətlər açıq-aşkar böhran içindədir. Bu səbəbdən Fransa prezidenti Emmanuel Makronun vəziyyəti stabilləşdirməsi belə bir uğurdur. Makron Oval kabinetdə sualları cavablandırarkən və mətbuat konfransı keçirərkən Trampı tərifləyərək, ona xoş sözlər deyərək danışıb. Dünyanın bir çox liderləri artıq Trampa açıq şəkildə qarşı çıxmağın və ya onu tənqid etməyin faydasız olduğunu düşündüyündən daha yumşaq bir yanaşma sərgiləyir.

Makron Vaşinqtonda çətin keçə biləcək bir günü güzəştə getmədən idarə etməyi bacarıb. Həm ABŞ, həm də Avropanın sülh istədiyini vurğulayıb, Trampın Ukrayna yardımları ilə bağlı iddiasını nəzakətlə düzəldib və Avropanın öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalı olduğunu qəbul edib".

Mənbə: CNN türk

Tərcümə etdi: Nərgiz Orucova

Paylaş
Şərh əlavə et