Barmaq izləri şəxsiyyətin təsdiqi üçün ən etibarlı üsul hesab olunur. Bu günə qədər hər bir insanın barmaq izinin tamamilə unikallığı elmi cəhətdən qəbul edilirdi. Lakin alimlər 60.000 barmaq izi üzərində apardıqları araşdırma ilə bu fikrə şübhə yaradıblar.

Yeni süni intellekt modeli ənənəvi metodlardan fərqli olaraq, barmaq izlərinin ümumi naxışlarını və əyilmələrini analiz edərək eyni şəxsə aid fərqli barmaqları 77% dəqiqliklə uyğunlaşdırmağı bacarıb. Bu isə barmaq izlərimizin düşündüyümüz qədər fərqli olmaya biləcəyini göstərir.
Ənənəvi barmaq izi analizləri "minutiae" adlanan detallara – barmaq izindəki xəttlərin qovşaqları və sonlanma nöqtələrinə əsaslanırdı. Yeni süni intellekt modeli isə barmaq izlərinin ümumi strukturlarını və dairəvi quruluşlarını araşdıraraq fərqli yanaşma ortaya qoyub. Bu metod eyni şəxsin fərqli barmaq izləri arasında gözlənildiyindən daha çox oxşarlıq olduğunu üzə çıxarıb.
Bu araşdırma kriminalistika və təhlükəsizlik sahəsində ciddi dəyişikliklərə səbəb ola bilər. Mütəxəssislər süni intellekt modelinin daha böyük verilənlər bazası ilə təkmilləşdirildiyi halda daha dəqiq nəticələr verəcəyini bildirirlər.
Hələ də tam eyni iki barmaq izinə rast gəlinməsə də, eyni şəxsin müxtəlif barmaqları arasında nəzərəçarpacaq oxşarlıqlar olduğu sübut edilib.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
