İsrail atəşkəs olmasına baxmayaraq 15 aylıq hücumlar nəticəsində ağır dağıntıların yarandığı Qəzza zolağına konteyner evlərinin girişini əngəlləməyə davam edir.

İsrailin hücumları nəticəsində ağır dağıntıların yarandığı Qəzzada fələstinlilər yaşamağa evləri qalmadığı üçün müvəqqəti çadırlarda həyata tutunmağa çalışırlar. Buna görə də Qəzzada fələstinlilərin əsas ehtiyacları arasında çadırlar və konteyner evləri var.
Həmas ilə əldə edilən və yanvarın 19-da qüvvəyə minən atəşkəsə görə, İsrail rəhbərliyi razılaşmanın birinci mərhələsində 200 min çadır və 60 min konteyner evin Qəzzaya daxil olmasına icazə verməli idi.
Bununla belə, razılaşmanın birinci mərhələsinin başa çatmasına iki həftədən az vaxt qalmasına baxmayaraq İsrail heç bir konteyner evinin Qəzzaya daxil olmasına icazə verməyib.
Bundan əlavə, bölgəyə vəd edilən 200 min çadırdan yalnız 73 mininin daxil olmasına icazə verilib. Bu, İsrailin hücumları nəticəsində evləri dağıdılan və sığınacaq tapa bilməyən fələstinlilərin həyat şəraitini daha da çətinləşdirir.
Bildirilib ki, İsrail konteyner evlərinin və çadırların girişini bağlamaqla hücumlardan sonra ağır dağıntıların yaşandığı Qəzzanın şimalında fələstinlilərin qalmasını çətinləşdirməyi hədəfləyir.
Mənbə: TRT1 Haber
Tərcümə etdi: Fatimə Hüseynova
