Bu gün:

Ayaqqabı sənayesini dəyişən ailə dramı


Adidas və Puma markalarının yaranma tarixi Adolf (Adi) və Rudolf (Rudi) Dassler qardaşlarının həyat hekayəsi ilə sıx bağlıdır. 1924-cü ildə Almaniyanın Herzogenaurach şəhərində onlar Gebrüder Dassler Schuhfabrik adlı ayaqqabı fabriki qurublar. Onların istehsal etdiyi idman ayaqqabıları keyfiyyətinə görə tez bir zamanda məşhurlaşıb. 1936-cı il Olimpiya oyunlarında amerikalı atlet Jessi Ovens məhz Dassler qardaşlarının ayaqqabısı ilə 4 qızıl medal qazanıb.


İkinci Dünya Müharibəsindən sonra qardaşlar arasında münasibətlər pozulub və 1948-ci ildə biznes tamamilə bölünüb. Adolf Dassler öz şirkətini Adidas adlandırıb (Adi və Dassler adlarının birləşməsindən).


Rudolf Dassler isə əvvəlcə Ruda adlandırdığı, sonra isə Puma adını verdiyi brendini yaradıb.


Bu ayrılma yalnız qardaşlar arasında deyil, həm də Herzogenaurach şəhərində böyük parçalanmaya səbəb olub. Şəhər sakinləri ya Adidas, ya da Puma tərəfdarı idilər və bir-birləri ilə ünsiyyətdən çəkiniblər.


Bu iki marka arasında rəqabət illər boyu davam edib. 


1954-cü ildə Adidas dəyişdirilə bilən dişciklərə malik futbol butsları hazırlayıb ki, bu da Almaniya yığmasının dünya çempionatında qalib gəlməsinə kömək edib.


1970-ci illərdə Puma Pele ilə müqavilə imzalayıb, Adidas isə futbol bazarında liderliyini qoruyub.


1980-ci illərdə Adidas hip-hop mədəniyyəti (Run-D.M.C.) ilə əlaqələr qurub, Puma isə basketbolçular arasında populyarlaşıb.

XXI əsrdə hər iki marka qlobal səviyyədə böyüyüb və rəqabət davam edib.


Bu gün Adidas Avropanın ən böyük idman brendidir, Puma isə dünya üzrə Nike və Adidas-dan sonra üçüncü yerdədir.


Mənbə: startuptalky.com


Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et