Sənət dünyası növbəti dəfə gözlənilməz bir kəşflə qarşılaşıb. Pablo Pikassonun erkən dövr əsərlərindən biri olan "Mateu Fernández de Soto portreti" tablosunun altında yüz ildən artıq müddət ərzində gizli qalmış bir qadın portreti aşkar edilib. Bu sirli qadın portreti Pikassonun Parisdəki gənclik illəri və onun erkən yaradıcılıq texnikaları haqqında mühüm ipucları təqdim edir.

Londondakı Courtauld İncəsənət İnstitutunda aparılan detallı araşdırmalar nəticəsində, "Mateu Fernández de Soto portreti" tablosunun altında naməlum bir qadın fiqurunun mövcudluğu müəyyən edilib. Tədqiqatçılar əsərin səthini analiz etmək üçün yüksək texnologiyalı infraqırmızı kamera tətbiq edib və tədricən daha öncə bilinməyən bir portretin izlərini aşkar ediblər.
Hələlik qadının kimliyi məlum olmasa da, fiqur Pikassonun həmin dövrdə tez-tez təsvir etdiyi digər qadın modellərlə oxşarlıq göstərir. "Mateu Fernández de Soto portreti" Pikassonun 1901-ci ildə, cəmi 19 yaşında olarkən çəkdiyi bir əsərdir. Tablo rəssamın yaxın dostu olan heykəltəraş Fernández de Sotonun portreti kimi tanınır və onun məşhur "Mavi Dövr" əsərləri arasında yer alır.
Məlumdur ki, Pikasso həmin dövrdə maddi çətinliklər yaşayıb və tez-tez köhnə kətanları yenidən istifadə edib. Bu səbəbdən, rəssamın əvvəlki işinin üzərinə yeni bir kompozisiya əlavə etməsi onun həm yaradıcılıq yanaşmasını, həm də iqtisadi çətinliklərə qarşı çıxış yolunu nümayiş etdirir.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
