"Sergey Brin" hava gəmilərini yenidən canlandıraraq aviasiya bazarına təmiz və səmərəli alternativ təklif etməyi hədəfləyir. Onun LTA Research şirkəti yeni nəsil hava gəmilərini ABŞ-nin Ohayo ştatında, Akron şəhərində yerləşən tarixi Goodyear Airdock anqarında inşa edir.
Keçmişdə Akron təkər istehsalı və hava gəmiləri sənayesinin mərkəzi idi. 1929-cu ildə tikilən Airdock daxili dayaqları olmayan dünyanın ən böyük binalarından biri idi. Goodyear burada ABŞ Hərbi Dəniz Qüvvələri üçün nəhəng hava gəmiləri istehsal edib və sərnişindaşıma üçün hava nəqliyyatı yaratmağı planlaşdırırdı. Lakin hava gəmilərinin populyarlığı qısa sürüb və sənaye zəifləyib.
Brinin layihəsi hava gəmilərini humanitar yardım, yükdaşıma və ekoloji cəhətdən təmiz aviasiya üçün yenidən istifadəyə qaytarmağa çalışır. İlk model – Pathfinder 1 – bu il uçacaq, daha böyük Pathfinder 3 isə gələn ilə planlaşdırılır.
Akron meri Daniel Horrigan bildirir ki, uzun illər qaranlıq qalmış Airdock indi yenidən işıqlıdır və canlanma dövrünə qədəm qoyur. Əgər bu layihə uğur qazanarsa, hava gəmiləri texnologiyanın itirilmiş gələcəyi deyil, yeni bir dövrün başlanğıcı ola bilər.
Mənbə: BBC News
Tərcümə etdi: Xavər Məmmədli