Bu gün:

ABŞ Britaniyanın "Apple" məlumat tələbinə qarşı çıxır


ABŞ senatoru Ron Vayden və konqresmen Endi Biqs Britaniyanın Apple istifadəçilərinin şifrələnmiş məlumatlarına giriş əldə etmək istəyini sərt tənqid edərək bunu ABŞ-nin kibertəhlükəsizliyinə qarşı təhdid kimi qiymətləndiriblər. Onlar milli kəşfiyyat direktoru Tulsi Qabbarda müraciət edərək Britaniyaya geri çəkilmək üçün ultimatum verməyə çağırıblar.

Məsələ Britaniya Daxili İşlər Nazirliyinin Apple-dan "Advanced Data Protection" (ADP) xidməti çərçivəsində saxlanılan məlumatları təqdim etməsini tələb etməsi ilə bağlıdır. ADP tam ucdan-uca şifrələmə tətbiq edir və Apple belə məlumatlara giriş əldə etmir. Şirkət daha əvvəl "arxa qapı" yaratmayacağını bildirərək belə bir tələbin yerinə yetirilməyəcəyi halda xidmətini Britaniya bazarından çıxara biləcəyini açıqlayıb.

ABŞ siyasətçiləri hesab edirlər ki, Apple Britaniyanın tələbini yerinə yetirərsə, bu, ABŞ vətəndaşlarının məxfiliyini təhlükə altına qoyacaq və digər dövlətlərin kəşfiyyat fəaliyyətinə yol aça bilər. Ekspertlər və məxfilik tərəfdarları bu addımı ciddi təhlükə kimi qiymətləndirirlər. Lakin Britaniya hökuməti məlumatlara yalnız milli təhlükəsizliyə təhdid olduğu halda və hüquqi prosedurlar çərçivəsində giriş əldə etmək istədiyini bildirir.

"Apple" və "WhatsApp" kimi texnologiya şirkətləri Britaniya hökumətinin tələblərinə əməl etmək əvəzinə bazardan çəkilməyə hazır olduqlarını bəyan ediblər. Lakin qanuna əsasən, Britaniya bazarında fəaliyyət göstərən bütün texnologiya şirkətləri bu qaydalara tabe olmalıdır.

Mənbə: BBC News

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et