Nyu-York və ABŞ-də 100-dən çox hazırkı və keçmiş federal işçi qüvvələri Elon Musk və onun rəhbərlik etdiyi Hökumət Səmərəliliyi Departamentinə qarşı məhkəmə iddiası qaldırıblar. Onlar agentliyin özlərinin şəxsi məlumatlarına qanunsuz giriş etdiyini iddia edirlər.

İddia ABŞ-nin Nyu-York ştatının Cənub Dairəsində Elektron Sərhəd Fondu və digər məxfilik təşkilatları tərəfindən, 103 işçi və müxtəlif hökumət birlikləri adından qaldırılıb.
İddiaçılar hökumətin əsas insan resursları agentliyi olan Şəxsi İdarəetmə Ofisinin (OPM) DOGE və onun nümayəndələrinə girişinin bağlanmasını tələb edirlər.
Rəsmi şikayətdə Elon Musk, DOGE, OPM və hazırkı OPM direktoru Charles Ezell cavabdeh kimi göstərilib.
Məhkəmə sənədlərinə görə, DOGE-un OPM-in şəxsi məlumatlarına giriş əldə etməsi ABŞ-nin Məxfilik Aktının pozulması kimi qiymətləndirilir. Qeyd olunan qanun federal agentliklər arasında şəxsi məlumatlara icazəsiz girişin qarşısını alır.
Məsələ ilə bağlı Elon Musk və digər cavabdehlərin rəsmi açıqlaması isə hələ verilməyib.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
