TikTok-un ABŞ-dəki qeyri-rəsmi yüklənməsi son dövrlərdə sürətlə artıb. BBC-yə verilən məlumata görə, istifadəçilər tətbiqi telefonlarına əldə etmək üçün alternativ yollara müraciət edirlər. ABŞ Prezidenti Donald Trampın imzaladığı sərəncama əsasən, Ali Məhkəmənin qərarı ilə TikTok ya satılmalı, ya da qadağan edilməlidir, lakin tətbiqin istifadəsi hələ də qanunidir. "Apple" və "Google" yeni yükləmələri məhdudlaşdırdığı üçün istifadəçilər "sideloading" üsuluna yönəlir.

"Sideloading" istifadəçilərə tətbiqləri üçüncü tərəf saytlarından yükləməyə imkan verir. "Signulous" şirkətinin məlumatına görə, 120 min istifadəçi iPhone cihazlarına TikTok yükləmək üçün bu xidmətdən istifadə edib. Bəzi hallarda isə saatda 2000-dən çox yükləmə qeydə alınıb. ABŞ-dakı istifadəçilər "VPN"lərdən də istifadə edərək öz yerlərini dəyişdirirlər. "Google" məlumatlarına görə, "VPN" axtarış sorğuları rekord həddə çatıb.
Ekspertlər TikTok-un tamamilə bloklanmasının çətin olduğunu və bu tendensiyanın tətbiqin istifadəsini davam etdirməyə kömək etdiyini bildirirlər. Aprel ayında yekun qərar gözlənilir, amma hazırda tətbiqin yüklənməsi qanunsuz hesab edilmir. Həm Prezident Tramp, həm də əvvəlki Prezident Co Bayden bu qanunun icrasını məcburi etməyəcəklərini bildiriblər.
Qeyri-rəsmi tətbiq mağazaları məsələn, "Signulous" və "AppDB" istifadəçilərə proqram təminatı yükləmək üçün ödəniş qarşılığında xidmət göstərirlər. Lakin bu üsul təhlükəli hesab edilir, çünki qeyri-rəsmi mağazalar daha az təhlükəsizlik təmin edir və istifadəçilər zərərli proqramlar yükləmə riski ilə üzləşə bilərlər. "Apple" və "Google" sideloading prosesini təhlükəsizlik riski olaraq qiymətləndirirlər. Bununla yanaşı, Avropa İttifaqı 2024-cü ildən etibarən Apple-ı rəqabətə açıq tətbiq mağazalarına icazə verməyə məcbur edəcək ki, bu da şirkətin siyasətində dəyişikliklərə səbəb ola bilər. TikTok isə Android istifadəçiləri üçün xüsusi yükləmə paketi təqdim edib. Mütəxəssislər hesab edirlər ki, istifadəçilər istədikləri tətbiqi əldə etməyin yollarını tapmağa davam edəcəklər.
Mənbə: BBC News
Tərcümə etdi: Xavər Məmmədli
