Bu gün:

Alman avtomobil sənayesində böhran


Almaniya onilliklər boyu avtomobil sənayesi ilə dünya bazarında lider olub. Volkswagen, Mercedes-Benz və BMW kimi markalar keyfiyyət və innovasiya ilə seçilirdi. Lakin bu gün sektor ciddi problemlərlə üzləşir. Wolfsburqdakı Volkswagen zavodu bir vaxtlar Almaniyanın iqtisadi möcüzəsinin simvolu olsa da, hazırda istehsal gücündən xeyli aşağı səviyyədə işləyir. Ölkədə avtomobil istehsalı 2017-ci ildəki 5,65 milyondan 2023-cü ildə 4,1 milyona düşüb. Bu azalma təkcə istehsal sahəsində deyil, satışlarda da müşahidə edilir.

Sənayenin üzləşdiyi çətinliklər arasında elektrik avtomobillərinə keçidin ləngiməsi, yüksək istehsal xərcləri və xarici bazarlarda rəqabətin artması var. Avtomobil istehsalçıları innovasiyalarda geridə qaldıqları üçün Çin və digər ölkələrlə rəqabət aparmaqda çətinlik çəkirlər. Bununla yanaşı, ABŞ və digər ölkələrin mümkün gömrük rüsumları da əlavə təzyiq yaradır.

Ekspertlər hesab edirlər ki, Almaniya avtomobil sənayesinin bərpası üçün hökumət infrastruktur, texnologiya və yaşıl enerji sahələrinə daha çox investisiya qoymalıdır. Eyni zamanda, istehsalatın səmərəliliyini artırmaq və xarici bazarlarda mövqeyi gücləndirmək üçün yeni strategiyalar hazırlanmalıdır. Hazırda sektorda çalışan yüz minlərlə insan üçün bu dəyişikliklərin həyata keçirilməsi həyati əhəmiyyət daşıyır.

Mənbə: BBC News

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et