Bu gün:

"İrəvanda separatçılığı təbliğ edən birliyin yaradılması qəbuledilməzdir" – QHT sədri



"2023-cü ildə həyata keçirilən antiterror əməliyyatından sonra ləğv olunmuş separatçı rejimi təbliğ edən "Artsax-Ermənistan" adlı Gənclər Birliyinin İrəvanda yaradılması qəbuledilməzdir". 

Bu sözləri "Gələcək" İntellektual İnkişafa Yardım İctimai Birliyinin sədri Ağarza Elçinoğlu 24media.az-a açıqlamasında deyib. 

QHT sədri həmçinin qeyd edib ki, birliyə İrəvanda Ararat şərab-araq kombinatının binasında ofis verilib: "Paşinyan rejiminin separatçılara məxsus tör-töküntüləri ölkədən yığışdırdığı zamanda belə bir birliyin qeydiyyatdan keçə bilməsi Azərbaycan tərəfində haqlı şübhələr yaradır. 

Xüsusilə qeyd etməliyəm ki, bu birliyi "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan təqdim edib. Partiya ideoloji olaraq siyasi spektrdə sağ mərkəz mövqe tutur. Beləliklə, Ermənistanın siyasi rəhbərliyinin bir tərəfdə sülhdən danışarkən, digər tərəfdə separatçılığın təbliğatına dəstək verməsi heç bir məntiqə sığmır. 

Birliyin yaradılmasında məqsəd bəllidir: bunun qeyri-hökumət təşkilatı olduğunu əsas gətirib məsuliyyətdən yayınmaq, digər tərəfdə isə separatçı təbliğatla məşğul olmaq. Lakin hər iki tərəfdə birbaşa sülh müqaviləsi danışıqlarının gündəm olduğu bir zamanda bu kimi hərəkətlərə göz yummaq İrəvanı sülh istəklərindən uzaqlaşdırır".


Həvva Cəbrayılova 

Paylaş
Şərh əlavə et