Apple, öz süni intellekt (Aİ) platforması olan Apple İntelligence-i Çinə gətirmək üçün Alibaba ilə tərəfdaşlıq qurub.

The İnformation-ın verdiyi məlumata görə, Apple əvvəlcə bu məqsədlə DeepSeek və ByteDance kimi şirkətlərlə əməkdaşlıq imkanlarını araşdırıb, lakin nəticədə bu tərəfdaşlıqlardan imtina edib. Şirkət əvvəlcə Baidu ilə işləməyi planlaşdırsa da, texniki uyğunlaşma problemlərinə görə bu seçimdən imtina edib.
Çin Apple üçün əsas bazarlardan biri olsa da, Apple İntelligence hələ bu ölkədə istifadəyə verilməyib. Yeni tərəfdaşlıq çərçivəsində, Alibaba Apple-ın Aİ texnologiyasının Çin bazarına uyğunlaşdırılmasında əsas rol oynayacaq.
Bu xəbərlər, Apple-ın dördüncü nəsil iPhone SE modelini təqdim etməyə hazırlaşdığı bir vaxtda ortaya çıxıb. Büdcəyə uyğun olan bu model əvvəllər həm Çində, həm də Hindistanda iPhone satışlarını artıran əsas faktorlardan biri olub. Bunu da qeyd etmək lazımdır ki, Çin və Hindistan dünyanın ən böyük smartfon bazarları hesab olunur.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
