San-Fransisko, TechCrunch – Google süni intellektin (AI) silah və nəzarət sistemlərində istifadə edilməməsi ilə bağlı 7 il əvvəl verdiyi öhdəlikdən geri çəkilib. Şirkətin bu qərarı texnologiya və təhlükəsizlik sahəsində geniş müzakirələrə səbəb olub.

Google Brain-in təsisçisi və keçmiş rəhbəri Endryu Ng, bu dəyişikliyi müsbət qarşılayıb. O, San-Fransiskoda keçirilən Hərbi Veteran Startap Konfransı çərçivəsində TechCrunch-a verdiyi müsahibədə "Mən çox şadam ki, Google mövqeyini dəyişib," - deyə bildirib.
Ötən həftə Google, rəsmi süni intellekt prinsipləri səhifəsindən AI-nin silah və nəzarət məqsədilə hazırlanmayacağına dair vədini silib. Bununla yanaşı, Google-un süni intellekt sahəsindəki törəmə şirkəti olan DeepMind-ın baş direktoru Dəmis Hassabis bir bloq yazısında texnologiya şirkətləri və hökumətlərin milli təhlükəsizliyi dəstəkləyən AI sistemləri üzərində birgə işləməli olduğunu qeyd edib.
Son illərdə Google və Amazon, süni intellektin hərbi məqsədlərlə istifadəsi ilə bağlı cəmiyyətdən və ekspertlərdən ciddi tənqidlər alıb. Xüsusilə, hər iki şirkətin İsrail hökuməti ilə "Project Nimbus" müqaviləsi bağlaması mübahisələrə səbəb olub.
Google-un yeni strategiyası süni intellektin gələcəkdə hərbi və təhlükəsizlik sahələrində daha geniş şəkildə istifadəsinə imkan yarada bilər. Bunun etik və hüquqi nəticələrinin necə olacağı isə zamanla bəlli olacaq.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
