Gələcəkdə insan bədəninin və həyat tərzinin necə dəyişəcəyi alimlərin diqqət mərkəzindədir. Texnologiyanın inkişafı, genetik müdaxilələr və dəyişən həyat şərtləri insan təkamülünü gözlənilməz istiqamətlərə apara bilər. Bəzi alimlər insanların daha qısa boylu olacağını, beyinlərinin kiçiləcəyini və hətta kosmosda yeni insan növlərinin yarana biləcəyini ehtimal edirlər.

London Universitet Kollecindən professor Mark Tomasın sözlərinə görə, təkamül əvvəllər daha çox sağ qalmaqla bağlı idisə, indi doğum nisbətləri də əsas rol oynayır. Daha çox övlad sahibi olan fərdlərin genləri gələcəyə ötürülür və bu da insan xüsusiyyətlərinin dəyişməsinə səbəb ola bilər. Cəmiyyətlər azadlaşdıqca və qadınların partnyor seçimində rolu artdıqca müəyyən genetik xüsusiyyətlərin daha geniş yayılması gözlənilir.
İnsanların dərisi gələcəkdə daha tünd ola bilər. Anglia Ruskin Universitetindən Dr. Ceyson Hodjson bildirir ki, irqlərarası nigahlar artdıqca genetik müxtəliflik daha da genişlənəcək. Bu, gələcək nəsillərin daha qarışıq genetik quruluşa sahib olmasına gətirib çıxara bilər. Həmçinin yeni genetik texnologiyalar insanlara təkamül prosesini idarə etmək imkanı verə bilər. "CRISPR-Cas9" texnologiyası ilə genlər dəyişdirilə bilər və gələcəkdə insanlar boy, zəka və digər xüsusiyyətləri seçmək imkanına sahib ola bilərlər.
Yeni Cənubi Uels Universitetindən professor Robert Bruks hesab edir ki, insan beyninin ölçüsü kiçilə bilər. Kompüterlər və süni intellekt informasiya emalını öz üzərinə götürdükcə böyük beyinə ehtiyac azalacaq. Bununla yanaşı, texnologiyanın intensiv istifadəsi insan anatomiyasında dəyişikliklərə səbəb ola bilər. Məsələn, uzun müddət kompüter qarşısında oturmaq qamət pozuntularına, smartfon istifadəsi isə əllərin formasının dəyişməsinə gətirib çıxara bilər.
İnsanlığın bir hissəsi kosmosa köç edərsə, orada fərqli təkamül prosesinə məruz qala bilər. Viskonsin-Medison Universitetindən Dr. Con Hoks bildirir ki, uzunmüddətli kosmik səyahətlər və izolə olunmuş mühitlər yeni insan növünün yaranmasına səbəb ola bilər. Min illərlə davam edəcək səyahətlər nəticəsində, insan bədəni kosmik şəraitə uyğunlaşa və yer kürəsində qalanlardan fərqli inkişaf edə bilər.
Bu dəyişikliklərin hansı sürətlə və formada baş verəcəyi hələ də mübahisəlidir. Lakin təkamül, texnologiya və sosial faktorların təsiri ilə insan növünün gələcəkdə indiki halından xeyli fərqli olacağı ehtimal edilir.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
