Alimlər COVID-19 keçirmiş şəxslərdə Alzheimer xəstəliyi ilə əlaqəli bioloji göstəricilərin daha yüksək səviyyədə ola biləcəyini müəyyən ediblər. Yeni araşdırmaya görə, SARS-CoV-2 virusuna yoluxmuş şəxslərdə beyin zülalları üzərində baş verən dəyişikliklər dörd illik yaşlanmaya bərabər təsir göstərə bilər.

Ağır COVID-19 keçirənlər daha böyük risk altındadır
Araşdırmaya əsasən, xəstəliyi ağır keçirən və xəstəxanaya yerləşdirilən insanlarda bu dəyişikliklər daha nəzərəçarpan olub.
Xüsusilə yüksək qan təzyiqi kimi demans riskini artıran faktorlara sahib şəxslərdə təsirin daha güclü olduğu qeyd edilib.
Alimlər hesab edirlər ki, COVID-19 beyin hüceyrələrində iltihaba səbəb olaraq beta-amiloid zülallarının yığılmasını sürətləndirə bilər.
Qəti səbəb-nəticə əlaqəsi müəyyən edilməyib
Lakin tədqiqatçılar bu tapıntıların qəti səbəb-nəticə əlaqəsi yaratmadığını vurğulayırlar. Çünki bu, müşahidə xarakterli bir araşdırmadır və COVID-19-un birbaşa Alzheimer xəstəliyinə səbəb olduğu iddia edilə bilməz.
Mütəxəssislər qrip kimi digər infeksiyaların da oxşar təsirlər göstərə biləcəyinə diqqət çəkirlər.
Alzheimer riskinə dair yeni araşdırmalar
Imperial College London nevroloq Yucin Daff bildirib ki, "COVID-19-un neyrodegenerativ xəstəlikləri tətikləyən dəyişikliklərə səbəb ola biləcəyini düşünürük. Lakin bunun necə baş verdiyini və uzunmüddətli nəticələrinin nələr ola biləcəyini hələ də tam bilmirik".
Dünyada 55 milyondan çox insanın Alzheimer xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Ümumdünya Səhiyyə Təşkilatına görə, hər il təxminən 10 milyon yeni demans halı qeydə alınır.
Tədqiqatçılar COVID-19-un bu statistikaya necə təsir edəcəyini anlamaq üçün daha çox araşdırmaya ehtiyac olduğunu qeyd edirlər.
Erkən diaqnoz və tədbirlər vacibdir
Alimlər infeksion xəstəliklərin Alzheimer riskinə təsirini daha yaxşı başa düşmək üçün əlavə araşdırmaların aparılmasının vacibliyini vurğulayırlar.
UK Dementia Research Institute professor Pol Metyus deyib: “Demans riskinə təsir edən amilləri daha yaxşı başa düşmək erkən diaqnoz və qarşısını alma tədbirlərini inkişaf etdirmək baxımından olduqca vacibdir".
Mənbə: TRT haber
Tərcümə etdi: Nərgiz Orucova
