Atatürk Universiteti Tibb Fakültəsi Təcili Tibbi Yardım Ana Bilim Dalının rəhbəri professor Zeynəb Gökcan Çakır “sarı serum” adlanan müalicə metodunun mövcud olmadığını bildirərək: “çoxsaylı dərman istifadəsi öldürücü allergik reaksiyalara səbəb ola bilər və allergiyanın hansı dərmandan qaynaqlandığını müəyyənləşdirmək mümkün olmaya bilər. Bu kimi uydurma müalicə üsullarından uzaq durun", – deyə xəbərdarlıq edib.
Eyni zamanda, o, qrip və ya soyuqdəymənin ev şəraitində bol miqdarda ilıq maye, hərarət salıcı və ağrıkəsici dərmanlardan istifadə, ehtiyac yaranarsa isə həkim tövsiyəsi ilə antibiotik qəbul etməklə asanlıqla sağalacağını qeyd edib.
Son illərdə “sarı serum” adlanan saxta müalicə metodunun sürətlə populyarlaşdığını bildirən Çakır bunun sanki qripin həqiqi müalicəsi imiş kimi qəbul edildiyini və buna görə də cəmiyyətdə böyük tələbin yarandığını vurğulayıb:
“Belə bir serum və müalicə üsulu mövcud deyil. İstifadə edilən bu dərmanların hər biri ayrıca allergik təsirə malikdir. Üstəlik, damar yolu ilə verildiyi üçün ciddi allergik risk yaradır. Bu vəziyyəti hər dəfə xəstələrə izah edərək onların tələblərini rədd edirik. Lakin bəzi özəl tibb müəssisələrində, evdə və ya digər səhiyyə ocaqlarında bu cür tələblərin asanlıqla qarşılandığını eşidirik".
“Sarı serum”dan uzaq durun
Çakır xəstəxanaya qrip diaqnozu ilə müraciət edərək “sarı serum” tələb edənlərə bu müalicənin tətbiq olunmadığını bildirib. O, son günlərdə həyatını itirən bəzi şəxslərin də əvvəlcə bu serumu tələb etdiyini və səhiyyə işçilərinə bu istiqamətdə təzyiqlər göstərildiyini qeyd edib.
Həkim “sarı serum”un allergik reaksiyalar nəticəsində ölümlə nəticələnə biləcəyini vurğulayaraq vətəndaşları bu saxta müalicədən uzaq durmağa çağırıb.
Çakır cəmiyyəti maarifləndirməklə bu problemin həll oluna biləcəyini və qripin sadəcə limon, portağal, ıhlamur kimi mayelərin bol miqdarda qəbulu ilə asanlıqla sağala biləcəyini vurğulayıb.
Bəzi vətəndaşların ağızdan qəbul edə biləcəkləri dərmanlar əvəzinə, səhər-axşam “sarı serum” vasitəsilə reseptsiz müalicə almağa çalışdığını bildirən Çakır bu yanaşmanın yanlış olduğunu və həkimlərin bu tələbləri yerinə yetirmədiyi halda xəstələrlə qarşı-qarşıya qaldıqlarını vurğulayıb.
Mənbə: TRT haber
Tərcümə etdi: Nərgiz Orucova