Bu gün:

Çay balıqları niyə azalıb? – Ekspert rəyi


Son illərdə çay balıqlarının tapılması çətinləşib. Yerli balıqçılar və sakinlər bildirirlər ki, əvvəllər çaylarda müxtəlif növ balıqlar bol olsa da, hazırda onların sayı kəskin şəkildə azalıb.

- Bəs bunun səbəbləri nələrdir? Bu istiqamətdə hansı tədbirlər görülməlidir?

Ekoloq-ekspert Qorxmaz İbrahimli balıq ehtiyatlarının azalmasının əsas səbəblərini belə izah edir:

Müsahibimiz bildirib ki, çay balıqlarının, xüsusilə Kür və Araz çaylarında azaldığı müşahidə olunur: "Araz çayında balıq ovu əsasən Naxçıvan ərazisində aparılır və Bakıya az gətirildiyi üçün bazarda bu balıqların sayı az görünür. Bununla yanaşı, təbii, yəni orqanik çay balıqları daha baha olduğu üçün onların bazarı getdikcə daralmaqdadır. Bunun əksinə, süni yetişdirilən balıqlar daha ucuz olduğuna görə bazarda üstünlük qazanıb".

O, qeyd edir ki, iqlim dəyişiklikləri və qeyri-qanuni ovlanma da əsas səbəblərə daxildir: "Qlobal iqlim dəyişiklikləri və qeyri-qanuni ovlanma həm çaylarda, həm də Xəzər dənizində balıq ehtiyatlarına ciddi təsir göstərir. Xüsusilə dağ çaylarında suyun azalması balıqların sayına mənfi təsir edir Xəzər dənizində və çaylarda brakonyerlik geniş yayılıb. Qeyri-qanuni ov metodları, məsələn, dinamitlə, kimyəvi maddələrlə və elektrik cərəyanı ilə balıq tutmaq bu ehtiyatların kəskin azalmasına səbəb olub. Bu üsullarla balıq ovu zamanı təkcə tutulan balıqlar deyil, eyni zamanda, balıq kürüləri də məhv olur".

Bəndlərin tikilməsi və təbiətə mühafizə olunmayan müdaxilələr

Qorxmaz İbrahimli bildirib ki, çayların üzərində tikilən bəndlər balıqların miqrasiyasına mane olur: "Normal halda balıqlar çoxalma dövründə çayın aşağı axarından yuxarı axara doğru hərəkət edirlər. Lakin bəndlər bu təbii prosesə mane olduğuna görə balıq populyasiyası azalır. Uzun illər çaylarımızda və dənizdə düzgün idarə olunmayan ovlanma və ekoloji tədbirlərin də kifayət qədər aparılmaması hazırda balıq ehtiyatlarının azalmasının əsas səbəblərindən biridir".

Bütün bu amillər – bazarda yetişdirmə balıqların üstünlük qazanması, iqlim dəyişiklikləri, brakonyerlik, bəndlərin tikilməsi və ekoloji tarazlığın pozulması çay və Xəzər balıqlarının azalmasına gətirib çıxarıb. Bu problemlərin qarşısını almaq üçün ciddi tədbirlərin görülməsi vacibdir.


Nərgiz Orucova

Paylaş
Şərh əlavə et