PlayStation Network (PSN) cümə günü axşam saatlarından etibarən ciddi kəsinti ilə üzləşib. "Sony"nin PSN status səhifəsinə əsasən, hesab idarəetməsi, oyun və sosial funksiyalar, PlayStation Video, PlayStation Store və PlayStation Direct vebsaytında problemlər müşahidə olunur. Kəsinti nəticəsində Fortnite, Call of Duty, Grand Theft Auto və Marvel Rivals kimi onlayn oyunlara giriş məhdudlaşıb, həmçinin oflayn oyunların lisenziya təsdiqlənməsində çətinliklər yaranıb.

"DownDetector"un məlumatına görə, problem cümə günü gecə yarısından az əvvəl başlayıb və 71 mindən çox istifadəçi kəsinti barədə şikayət edib. Sosial mediada bir çox oyunçular hələ də problemlərlə üzləşdiyini bildirir.
Dallas sakini, 48 yaşlı Ceff Tiqpen 10 saat ərzində PSN-ə qoşula bilmədiyini deyib: “Onların xidmətinə aylıq ödəniş etmək bir məsələdir, lakin aldığımız oyunları oynaya bilməmək həqiqətən də məyusedicidir”.
Sheffield Games Collective-in rəhbəri Konnor Klark isə kəsintinin oyun sənayesi üçün əhəmiyyətli bir həftəsonuna təsadüf etdiyini bildirib. Onun sözlərinə görə, Monster Hunter Wild oyununun beta versiyası və Call of Duty Black Ops 6-da ikiqat XP həftəsonu nəzərə alınarsa, milyonlarla oyunçunun bu vəziyyətdən narazı qalması gözləniləndir. “Bu dəfə problem artıq 12 saatdan çoxdur ki, davam edir. Mən nə çox oyunçulu rejimdə oynaya bilirəm, nə də yüklədiyim tək oyunçu rejimli oyunlara daxil ola bilirəm”, – o əlavə edib.
Mənbə: BBC News
Tərcümə etdi: Xavər Məmmədli
