
ABŞ prezidenti Donald Trampın Çinə 10 faiz əlavə vergi tətbiq etmək qərarından sonra Çindən sərt cavab gəlib. İki böyük ölkənin iqtisadiyyatı arasında gedən ticarət müharibəsində hücuma keçən Çin ABŞ-dan idxal edilən enerji, nəqliyyat vasitələri və avadanlıqlara əlavə gömrük rüsumları tətbiq edəcəyini açıqlayıb. Çindən verilən açıqlamada əlavə gömrük vergisi qərarının Vaşinqtonun “birtərəfli tarif artımına” cavab olduğu bildirilib.
ABŞ prezidenti Donald Tramp ticarət müharibəsinə başlayıb və Meksika və Kanadadan idxala 25 faiz, Çinə isə 10 faiz əlavə vergi tətbiq etmək qərarına gəlib.
Ağ Evdən verilən açıqlamada Çinə qarşı gömrük rüsumlarının artırılmasına səbəb kimi Çin hakimiyyətinin sintetik tiryəkin xammalı olan fentanil və onun prekursor kimyəvi maddələrinin ABŞ-a axınına nəzarət etməməsi göstərilib.
Bəyanatda əlavə verginin səbəbləri arasında Çinin "intellektual mülkiyyət oğurluğu, məcburi texnologiya transferi və digər əsassız davranışları" ilə yanaşı, "terrorçuların müşahidə siyahısında olan insanlar da daxil olmaqla Çindən qeyri-qanuni miqrasiyanın artması" qeyd edilib.
Tramp dünən ABŞ yerli vaxtıyla fevralın 4-ü gecə yarısından sonra qüvvəyə minəcək tariflərlə bağlı yaxın 24 saat ərzində Çin dövlət başçısı Xi Jinping ilə telefon danışığı etməyi planlaşdırdığını bildirib.
Pekin administrasiyası ABŞ-dən idxal edilən kömür və mayeləşdirilmiş təbii qaza (LNG) 15 faiz, xam neft, kənd təsərrüfatı texnikası, iri motorlu nəqliyyat vasitələri və pikaplara isə 10 faiz əlavə gömrük rüsumu tətbiq edildiyini açıqlayıb.
10 faiz əlavə gömrük rüsumunun ehtiyat tədbiri olduğunu bildirən Pekin rəhbərliyi bunun Vaşinqtonun “birtərəfli tarif artımına” cavab olduğunu bildirib.
Çin ABŞ-nin qərarının “Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarını ciddi şəkildə pozduğunu, öz problemlərini həll etmək üçün heç bir şey etmədiyini və Çin ilə ABŞ arasında normal iqtisadi və ticarət əməkdaşlığı pozduğunu” vurğulayıb.
Vergi qərarının fevralın 10-dan etibarən qüvvəyə minəcəyini qeyd edən Pekin administrasiyası “zərərli” vergilərə görə ÜTT-yə şikayət edəcəklərinin vurğuladı.
Mənbə: Hürriyyet
Tərcümə etdi: Fatimə Hüseynova
