Bu gün:

Avstraliyada 17 yaşlı qız köpək balığı hücumunda həlak olub


Avstraliya Yayım Korporasiyası (ABC) xəbər verir ki, Brisben şəhərinin şimalında yerləşən Bribi Adasında bir yeniyetmə qız okean sahilində üzərkən köpək balığının hücumuna məruz qalıb.

Rəsmilər adanın cənub-şərqində yerləşən Woorim Sahilində üzən gənc qızın bədəninin yuxarı hissəsindən ağır yaralandığını və hadisə yerində həyatını itirdiyini təsdiqləyiblər.

Təcili tibbi yardım qruplarının hadisə haqqında bildiriş aldıqdan sonra dərhal bölgəyə çatdığını bildirən rəsmilər Woorim Sahilinin ikinci bir rəsmi açıqlamaya qədər bağlandığını elan ediblər.

Hadisənin şahidlərindən Christopher Potter yerli mediaya verdiyi açıqlamada bölgədə çoxlu köpək balığının olduğunu, lakin hücumun bu qədər sahilə yaxın yerdə baş verməsinin təəccüb doğurduğunu deyib.

Xəbərdə hücum qurbanı olan gənc qızla bağlı əlavə detalların paylaşılmadığı qeyd edilib.

Bu, son 3 ay ərzində Avstraliyanın Kvinslend ştatında baş verən üçüncü köpək balığı hücumu kimi qeydə alınıb.

Woorim Sahili üzgüçülük, sörf və balıqçılıq üçün populyar bir ərazi kimi tanınır.

Mənbə: Trt Haber
Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et