Bu gün:

Bill Qeyts: 100 milyard dollar bağışladım…


Bill Qeyts indiyədək xeyriyyə məqsədilə 100 milyard dollardan çox vəsait bağışladığını açıqlayıb. Lakin o sərvətinin böyük hissəsini xeyriyyəçiliyə yönəltsə də, övladlarının gələcəyinin təmin olunduğunu bildirir. Onun ümumi sərvəti təxminən 160 milyard dollardır və az bir hissəsi ilə belə övladlarını kifayət qədər zəngin olacaq.

Məşhur iş adamı xeyriyyəçilik ruhunun ona uşaq yaşlarından aşılandığını deyir. Qeyts uşaqlığını keçirdiyi Sietldəki ailə evində müsahibə verib. O, yeni yazdığı “Source Code: My Beginnings” adlı kitabında erkən həyatına və texnologiyaya marağının formalaşmasına toxunub. Uşaqlıqda riyaziyyata böyük maraq göstərib, 13 yaşında regional olimpiadada ən yaxşı nəticələrdən birini əldə edib. O, gecələr gizlicə pəncərədən çıxıb kompüterlə işləmək üçün texnologiya şirkətinə getdiyini bildirib.

İlk dəfə açıq şəkildə autizm spektrində ola biləcəyini düşündüyünü də açıqlayıb. O, detallara həddindən artıq diqqət yetirməsi və sosial ünsiyyətdə çətinliklər yaşaması ilə seçilirdi. Qeyts hesab edir ki, texnologiya sahəsində uğur qazananların çoxu müəyyən sahəyə dərin maraq göstərən şəxslərdir.

Sosial media və informasiya təhlükəsizliyindən danışan Qeyts uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyət qoyulmasını dəstəkləyir. O Avstraliyanın 16 yaşdan aşağı şəxslərə sosial media qadağasını “ağıllı addım” adlandırır. Keçmiş ABŞ prezidenti Donald Trampın administrasiyası ilə görüşdüyünü və qlobal sağlamlıq məsələlərini müzakirə etdiyini də bildirib.

Qeytsin fikrincə, onun uğuru uşaqlıqdan formalaşan şəxsiyyət xüsusiyyətləri ilə bağlıdır: “İnsan nə olacağını erkən yaşlarında müəyyənləşdirir”. Valideynləri onu xüsusi məktəbə göndərməsəydi və məktəb üçün ilk kompüter alınmasaydı, bəlkə də bu gün “Microsoft” və “Bill Qeyts” hekayəsi mövcud olmazdı.

Mənbə: BBC News

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et