İsrail ilə HƏMAS arasında dördüncü girov mübadiləsi üçün hazırlıqlar səhər başlayıb. Mübadilə bu dəfə İsrailin 15 aydır ən şiddətli qırğınlar törətdiyi Xan Yunisdə baş tutub.

Girovların təhvil verilməsi zamanı səhnədə İsrailin qətlə yetirdiyi İzzəddin Əl-Qəssam briqadalarının komandiri Məhəmməd Dayf və HƏMAS liderlərinin fotoları yer alıb.
Arxa fonda yerləşən lövhədə ingilis, ərəb və ivrit dillərində "Nazi Sionizmi Qazanmayacaq" ifadəsi yazılıb. Girovları HƏMAS-ın Əl-Qəssam briqadalarının elit bölmələri müşayiət edib. Onların nizam-intizamı və döyüş hazırlığı diqqət çəkib.
Döyüşçülər əllərində öz istehsalları olan Yasin 105 raketatanları və Ghol snayper tüfəngləri saxlayıblar. Üçüncü girovun təhvil verilməsi zamanı masada İsraildən ələ keçirilmiş Tavor tüfəngi qoyulub.
HƏMAS bu mübadilə ilə İsrailin Fələstin müqavimətini sındıra bilmədiyini bir daha dünyaya göstərib. Qəzzə sakinləri də müqavimətə dəstək vermək üçün meydana toplaşıblar.
Təhvil prosesindən sonra HƏMAS bəyanat yayaraq döyüşçülərinin yoluna davam edəcəyinə dair sədaqətini və andını bir daha xatırladıb. Girovlara çətin şəraitə baxmayaraq daimi tibbi yardım göstərildiyini vurğulayıb, İsrail həbsxanalarındakı fələstinli əsirlərə isə işgəncə və hüquq pozuntularının edildiyini bildirib.
Bu iddiaları təsdiqləyən bir mənzərə də ortaya çıxıb: İsrailli girovlar sağlam göründüyü halda, Ramallaha qayıdan bəzi fələstinli əsirlər danışmaq üçün belə güc tapa bilməyib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Gülçin Abdullayeva
