
Yunanıstanın müdafiə naziri Nikos Dendiasın açıqlamasından sonra Yunan mətbuatı, Türkiyəyə “Meteor” raketlərinin satışının Afinada narahatlıq yaratdığını qeyd edib. Mətbuatın məlumatına görə, Almaniya əvvəlki etirazından geri çəkilib, Fransa isə satışı təsdiqləyib. Həmçinin, İngiltərə rəsmilərinin raketlərin Türkiyəyə satışına razılıq verilməsi üçün Parisdə lobbiçilik fəaliyyətlərini davam etdirdiyi vurğulanıb.
Türkiyənin müdafiə sənayesinin inkişafı Yunanıstanda narahatlıq doğurduğuna görə, Yunan mətbuatı Türkiyəyə “Meteor” raketlərinin satışı mövzusunu müzakirə etməyə davam edir.
Yunanıstanın "Kathimerini" qəzeti, müdafiə naziri Nikos Dendiasın daha əvvəl Fransanın Afina səfiri Laurance Auerə bu məsələ ilə bağlı narahatlığını bildirdiyini qeyd edib. Qəzet bunu "Türkiyə, Yunanıstanın narahatlıqları arasında raketləri izləyir" başlığı ilə yayımlayıb.
Kathimerini qəzeti, Türkiyənin müdafiə sənayesindəki irəliləyişlərə diqqət çəkərək, "Türkiyə "Meteor" raketləri də daxil olmaqla, qabaqcıl silah sistemlərinə malik dördüncü nəsil Eurofighter Typhoon təyyarələri alaraq hava qüvvələrini gücləndirmək planlarını irəlilədir" yazıb.
"Almaniyanın Türkiyəyə "Meteor" raketlərinin satışına etirazını geri götürdüyünü" ifadə edən Kathimerini, "Fransa da "Meteor" raketlərinin daxil edilməsini təsdiqlədiyini" bildirib.
Təsdiq prosesinin Fransanın da iştirak edəcəyi danışıqlarda müzakirə ediləcəyini ifadə edən Kathimerini, İngiltərə rəsmilərinin raketlərin Türkiyəyə satışına razılıq vermək üçün Parisdə lobbiçilik fəaliyyətlərini davam etdirdiklərini vurğulayıb.
Kathimerini qəzeti, Ankaranın diqqətinin raketlər üzərində olduğunu qeyd edərək, bu inkişafın Yunanıstanda narahatlıq yaratdığını, amma Afina rəhbərliyinin bu məsələyə indiyə qədər ölçülü bir yanaşma sərgilədiyini bildirib. Qəzet qeyd edib ki, Yunanıstan hökumətinin sözçüsü Pavlos Marinakis məsələnin "həssas" olduğunu bildirib və müsahibə verməkdən çəkinib.
Qəzet, "Afina və Ankara arasındakı gərginliyin uzun müddətdir ki, ərazi mübahisələri və hərbi rəqabət, xüsusilə də Egey dənizi ilə bağlı yaranıb. Yunanıstan son vaxtlar hava qüvvələrini Fransadan alınan "Meteor" raketləri ilə təchiz edilmiş qabaqcıl Rafale döyüş təyyarələri ilə gücləndirib" şəklində şərh verib.
Mənbə: Hüriyyet
Tərcümə etdi: Dilbər Paşazadə
