Bu gün:

Pinqvinlər və foklar təhlükə altındadır


Antarktidadan şimala doğru hərəkət edən nəhəng buzdağı Böyük Britaniyaya aid çətin və vəhşi təbiəti ilə tanınan Cənubi Ceyorciya Adasına doğru irəliləyir. Buzdağının burada sahilə çırpılaraq parçalanması ehtimalı var və hazırda adadan yalnız 280 km məsafədədir.

Əvvəlki illərdə nəhəng buzdağlarının bu bölgəyə çatması Cənubi Ceyorciya sahillərindəki buzlaqlarla örtülü körfəzlər və çimərliklərdə bir çox quş və fokun aclıqdan ölməsinə səbəb olub.

"Əgər buzdağlarıbizdən tamamilə uzaqlaşarsa, çox sevinərəm", - deyə Cənubi Ceyorciya hökumətinə aid Pharos gəmisində çalışan dəniz kapitanı Simon Wallace "BBC News"a bildirib.

Elmi tədqiqatçı, dənizçi və balıqçılar bu nəhəng buzdağının hərəkətlərini peyk şəkilləri ilə yaxından izləyirlər.

A23a adı verilən bu buzdağı dünyanın ən qədim buzdağlarından biridir. 1986-cı ildə Antarktidanın Filchner Buz Sahanlığından qopub, lakin dəniz altına sıxışaraq illər boyu okean axınlarında qalıb. Nəhayət, dekabr ayında sərbəst qalıb və indi son səyahətinə çıxıb.

Bir zamanlar 3.900 kvadrat kilometr olan A23a peyk görüntülərinə görə indi 3.500 kvadrat kilometrə qədər kiçilib, yəni İngiltərənin Kornuol bölgəsinin ölçüsündədir. 

Buzdağlarının ekosistemə təsirləri

Bu Cənubi Ceyorciya və Sandwich adalarını təhdid edən ilk buzdağı deyil. 2004-cü ildə A38 adı verilən buzdağı bu bölgəyə çatıb, sahilə vurub və pinqvin balaları ilə fokların aclıqdan ölməsinə səbəb olub.

Əlavə olaraq, bu bölgə nadir tapılan kral pinqvinlərinə və milyonlarla fok koloniyasına ev sahibliyi edir.

Dənizçilər üçün artan təhlükə

2023-cü ildə A76 adlı buzdağı sözügedən bölgəyə yaxınlaşaraq dənizçilər üçün böyük bir təhlükə yaradıb.

"Parçalar yuxarıya qalxırdı, ufukda nəhəng buz qüllələri kimi görünürdülər",- deyə balıqçılıq firması "Argos Froyanes"dən Andrew Newman bildirib.

"Bəzi parçalar Wembley Stadionu qədər böyükdür, bəziləri isə bir masa qədər kiçikdir və adanın ətrafını tamamilə örtüb",- deyə Newman əlavə edib.

İqlim dəyişikliyi və nəhəng buzdağlarının gələcəyi

A23a on illər əvvəl qopmuş olduğu üçün birbaşa iqlim dəyişikliyinin nəticəsi olaraq görülmür. Lakin gələcəkdə nəhəng buzdağlarının daha tez-tez qopması gözlənilir.

Antarktidadakı buz qatları okean və hava temperaturlarının artması ilə daha həssaslaşır. Bu da yeni nəhəng buzdağlarının yaranmasını sürətləndirə bilər.

A23a-nın növbəti addımı nə olacaq?

Buzdağları qabaqcadan təxmin edilə bilməz. Heç kəs A23a-nın tam olaraq nə edəcəyini bilmir.

Ancaq çox yaxın bir zamanda bu nəhəng buz dağı Cənubi Ceyorciyanın üfüqündə peyda olaraq adanın özü qədər böyük bir kütlə olacağı və bölgənin ekosistemi üzərində əhəmiyyətli bir təsir yaradacağı gözlənilir. 


Mənbə: TRT Haber

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et