Bu gün:

"Günlər uzanır: Yer kürəsinin gələcəyi necə dəyişir?"


Son araşdırmalara görə, Yer kürəsinin fırlanma sürəti yavaşlayır və bu səbəbdən günlərin uzunluğu saniyənin çox kiçik bir hissəsi qədər artır.

Beynəlxalq Yer Kürəsinin Fırlanması və İstinad Sistemləri Xidməti (IERS) tərəfindən aparılan son elmi araşdırma, Yer kürəsinin fırlanma sürətinin getdikcə azaldığını ortaya qoyub.

Tiempo xəbər saytına görə, "Yer Kürəsinin fırlanması və günün uzunluğu" adlı araşdırma, bu yavaşlamanın günlərin uzunluğunda artıma səbəb olduğunu göstərib. Araşdırma, bu dəyişikliyin hər nə qədər kiçik ölçüdə olsa da, zamanla əhəmiyyətli təsirlər yarada biləcəyinə diqqət çəkir.

Bu hadisə qısa müddətdə nəzərə çarpmaya bilər, lakin Yer kürəsinin daxili amilləri – xüsusilə nüvəsinin hərəkətləri və Yer ilə Ay arasındakı cazibə qarşılıqlı təsiri kimi elementlər səbəbindən baş verir. Bu qarşılıqlı təsir planetin fırlanma sürətinin yavaşlamasına təsir edir və zamanla daha aydın şəkildə görünə bilər.

Alimlər atom saatları və mürəkkəb riyazi modellərdən istifadə edərək, milyonlarla il ərzində günün uzunluğunun saniyənin çox kiçik hissələri qədər artdığını təsdiqləyiblər. Bu tapıntı, Yer kürəsinin fırlanma sürətinin yavaşlamasının zamanla necə toplandığını və günlərin uzunluğuna necə təsir etdiyini göstərir.

200 milyon ildən sonra günlər 25 saat olacaq
Bu dəyişiklik minimal səviyyədə olsa da, təbii sistemlərə və saatlarımızın dəqiqliyinə əhəmiyyətli təsirlər göstərə bilər. Uzun müddətdə, təxminən 200 milyon ildən sonra günlərin 25 saata qədər uzanması mümkün ola bilər. 

Digər tərəfdən, Antarktidada yerləşən Thwaites buzlağı bölgədəki ən böyük buzlaqlardan biridir və narahatlıq doğuracaq sürətlə əriməkdədir. Florida ştatı böyüklüyünə yaxın bu buzlaq, dəniz səviyyəsini yarım metrdən çox qaldıra biləcək qədər böyük bir buz kütləsini pzündə birləşdirir. Ərimənin əsas səbəbi buzlağın altındakı isti okean suyunun hərəkətidir; bu proses "bazal ərimə" adlanır və buzlağın təməlindəki buz qatını zəiflədir. Bu hadisə gözləniləndən daha sürətli baş verir və dünya üzrə, xüsusilə sahil ərazilərində artan daşqın və eroziya risklərinə səbəb olaraq böyük bir təhdid yaradır.

Həm Yer kürəsinin fırlanma sürətinin yavaşlaması, həm də Thwaites buzlağının əriməsi, uzun müddətdə əsasən insan fəaliyyəti nəticəsində yaranan istixana qazı emissiyaları ilə əlaqələndirilir. Yer kürəsinin yavaşlaması uzunmüddətli bir proses olsa da, buzlaqların əriməsi qlobal istiləşməni dayandırmaq üçün təsirli qərarlar tətbiq edilməzsə dağıdıcı nəticələrə səbəb ola biləcək təcili bir təhlükədir. Mütəxəssislər yüksələn dəniz səviyyələri və ekstremal iqlim hadisələri riskini azaltmaq üçün zərərli qaz emissiyalarının dərhal azaldılmasının və qlobal istiləşməni dayandırmaq üçün təcili tədbirlər görülməsinin vacibliyini vurğulayır. Yenilənə bilən enerji mənbələrinə keçid və enerji effektivliyinin artırılması bu riskləri minimuma endirmək üçün əsas addımlardır.

Mənbə: Ntv

Tərcümə etdi: Zeynəb Həsənova

Paylaş
Şərh əlavə et