Bu gün:

Çinin “Süni Günəşi” dünya rekordunu qırdı


2025-ci ilin yanvar ayında Çinin Eksperimental Qabaqcıl Superkeçirici Tokamak (EAST) adlı füzyon reaktoru dünya rekordu qıraraq plazma vəziyyətini 1066 saniyə ərzində sabit şəkildə saxlayıb. Bu hadisə təmiz və qeyri-məhdud enerji mənbəyi kimi nüvə sintezi texnologiyasının inkişafında mühüm mərhələ hesab olunur.


EAST layihəsi, Günəşin nüvə sintezi prosesini təqlid edərək tükənməz enerji mənbəyi yaratmaq məqsədi daşıyır. Günəşdə baş verən nüvə birləşməsi nəticəsində nəhəng enerji meydana gəlir, EAST isə bu prosesi yerüstü şəraitdə həyata keçirməyə çalışır. Layihə, həmçinin Günəş sistemindən kənar kəşfiyyat üçün yeni imkanlar aça bilər.


Bu cür texnologiyalar 70 ildən artıqdır ki, elmi araşdırmaların əsas mövzusu olub. Ancaq aşağıdakı çətinliklər bu məqsədə çatmağı əngəlləyib:


Temperatur: Füzyon prosesi üçün 100 milyon dərəcə Selsidən yuxarı temperatur tələb olunur.


Sabitlik: Plazmanın uzun müddət ərzində sabit qalması lazımdır.


Nəzarət: Sintez prosesi dəqiq idarə olunmalıdır.


Hefei Fizika Elmləri İnstitutunun (HFIPS) rəhbərlik etdiyi EAST, 2023-cü ildə 403 saniyəlik bir rekord müəyyən edib. Lakin yeni rekord bu rəqəmi üç dəfədən çox üstələyərək füzyon tədqiqatında böyük bir sıçrayış göstərir.


Layihə üzrə mühüm təkmilləşdirmələr bunlardır:


İstilik Sistemi: Təxminən 70.000 məişət mikrodalğalı soba gücündə işləyən sistem yenilənib, bu da güc çıxışını iki dəfə artıraraq daha sabit və davamlı iş rejimi təmin edib.


Yeni Texnologiyalar: Plazmanın idarə olunması və sabitliyinin qorunması üçün sistemlər optimallaşdırılıb.


Yekun olaraq, EAST layihəsi həm elmi uğur, həm də təmiz enerji üçün böyük bir ümid işığıdır. Füzyon texnologiyasının inkişafı, tükənməz və ekoloji cəhətdən təmiz enerji mənbələrinə doğru böyük bir addımdır.


Mənbə: TRT Haber

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et