Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiya təhdidlərində yeni bir məqam görmədiklərini vurğulayaraq, "Bərabər şərtlərdə və qarşılıqlı hörmət əsasında dialoqa hazırıq",- dedi.
Moskvanın gündəminə dair jurnalistlərin suallarını cavablandıran Peskov Trampın Rusiyaya qarşı yeni sanksiya təhdidlərini belə şərh edib: "Burada yeni bir şey yoxdur. Tramp ilk prezidentlik dönəmində də sanksiyalardan ən çox istifadə edən ABŞ prezidentlərindən idi. O, bu metodu sevir".
ABŞ-dən gələn açıqlamaları yaxından izlədiklərini bildirən Peskov əlavə edib: "Bərabər şərtlərdə, qarşılıqlı hörmət əsasında dialoqa həmişə hazırıq. Belə bir dialoq Putin və Tramp arasında olub. Biz də bu istiqamətdə siqnallar gözləyirik, baxmayaraq ki, hələ irəliləyiş yoxdur."
Peskov həmçinin Qərb ölkələrinin Rusiyanın aktivlərinə qarşı "dost olmayan" addımlarının cavabsız qalmayacağını vurğulayıb.
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) mümkün çıxışı ilə bağlı danışan Peskov qeyd edib: "KTMT müstəqil və yetkin bir təşkilat olaraq effektivliyini sübut edib və işini davam etdirir. Ermənistan hələ ki təşkilatdan çıxmaq niyyətini bəyan etməyib".
Mənbə: TRT Haber
Tərcümə etdi: Gülçin Abdullayeva
