Bu gün:

Marsda qədim dalğa izləri tapıldı


NASA-nın "Curiosity" kəşfiyyat aparatı Mars səthində 3,7 milyard il əvvəl açıq suyun olduğu dövrdə yaranmış qədim dalğa izləri aşkar edib.

Mars Günəş Sisteminin dördüncü planetidir. Böyük planetlər arasında ən kiçik planet kimi tanınır. Səthindəki dəmir oksid səbəbindən qırmızı rəngə malikdir.

Dünyaya bənzər vadilər, vulkanlar və qurumuş çay yataqları olsa da, Marsın atmosferi nəfəs almağa uyğun deyil, səthi isə soyuq və qurudur. Buna baxmayaraq, Mars yaşayış potensialına malik olduğu ehtimalı ilə tədqiqatçıların diqqətini çəkir.

"Curiosity"
TRT Haber-in məlumatına görə, planetin iqlimini və coğrafiyasını öyrənən "Curiosity" 2012-ci ildən etibarən Marsı araşdırır. Son dövrdə planet səthində buzsuz qədim çay və göllərə aid izlər tapılıb. Bu izlər Dünya üzərindəki qumlu göl yataqlarında görünən kiçik dalğalanmalara bənzəyir.

Bu dalğalanmalar küləklə hərəkət edən suyun səthdə irəli-geri hərəkəti ilə yaranır. Bu da göstərir ki, su buzla örtülü olmayıb, açıq vəziyyətdə olub. Kəşf bu dalğalanmaların təxminən 3,7 milyard il əvvəl meydana gəldiyini ortaya qoyub.

Dalğa izləri
"Science Advances" jurnalında nəşr olunan bir məqalədə Caltech-dən John Grotzinger və Michael Lamb qədim dalğa izləri ilə bağlı tapıntılarını paylaşıblar. Bu dalğaların Dünya üzərindəki göl və çimərliklərdə küləklə hərəkət edən dayaz suların yaratdığı dalğalara bənzədiyi aşkarlanıb.

Gale Kraterində aşkar edilən dalğalar Marsda bir zamanlar maye suyun olduğu göllərin mövcudluğunu göstərir. Qaya və dalğa analizləri isə onların 3,7 milyard il əvvəl yarandığını göstərir.

Bu nəticələrə əsasən, Marsın keçmişdə daha sıx və isti bir atmosferə sahib olduğu təxmin edilir.

Araşdırma gölün dərinliyini, dalğaların hündürlüyünü və aralığını hesablamaqla aparılıb. Alınan məlumatlara görə, göl dayaz olub və ehtimal ki, iki metr dərinliyindədir.

"Prow" adlanan dalğa izləri bir zamanlar küləklə formalaşan qum təpələrinin olduğu bölgədə tapılıb. Digər bir dalğa izi isə sulfatla zəngin olan və "Amapari Marker Band" adlanan qaya qatlarında aşkar edilib.

Bu iki bölgə Mars atmosferinin isti və sıx olduğu dövrlərin bir neçə dəfə və ya uzun müddət davam etdiyini göstərir.

NASA-nın "Opportunity" aparatı daha əvvəl Marsda dalğa izlərini aşkarlamışdı, lakin bu izlərin mənsub olduğu su kütlələrinin təbiəti naməlum idi.

Planet səthində bir zamanlar maye su kütlələrinin geniş yayılıb-yayılmadığını anlamaq üçün daha çox araşdırma aparmaq lazımdır.

Mənbə: TRT haber

Tərcümə etdi: Zeynəb Həsənova

Paylaş
Şərh əlavə et