Bu gün:

ABŞ Çinə qarşı süni intellekt üçün "Manhetten Layihəsi" axtarır


ABŞ Konqresinə bağlı bir komissiya olan və Demokratik Partiya və Respublikaçılar Partiyasının üzvlərinin daxil olduğu ABŞ-Çin İqtisadiyyatı və Təhlükəsizliyi Nəzarət Komissiyası (USCC) 2024-cü il 19 noyabrda ABŞ Konqresinə diqqətəlayiq bir hesabat təqdim edib.  Hesabatda göstərilir ki, Birləşmiş Ştatlar ümumi süni intellektin (AGI) inkişafını maliyyələşdirmək üçün "Manhetten Layihəsi" üslubunda bir proqram işə salır ki, bu da süni intellekt sisteminə istinad edir. 

Komissiyanın hesabatı: Bu, ABŞ-nin sürətlə dəyişən qlobal texnoloji mənzərəni formalaşdırmaq uğrunda mübarizədə Çinlə uzunmüddətli strateji rəqabətə girdiyini açıq şəkildə göstərir. İnkişaf etməkdə olan texnologiyaların, xüsusən də, süni intellektin yüksəlişi müharibənin mahiyyətini dəyişdirə və güc balansını bu yarışda qalib gələn ölkənin xeyrinə dəyişə bilər. Üstəlik, bu vəziyyətin iqtisadi faydalarının 21-ci əsr boyu davam edəcəyi proqnozlaşdırılır.

Manhetten Layihəsi nədir?

Manhetten Layihəsi İkinci Dünya Müharibəsi zamanı ABŞ hökuməti və özəl sənaye arasında ilk atom bombalarının hazırlanması ilə nəticələnən genişmiqyaslı əməkdaşlıq idi. Hazırlanmış ilk atom bombaları Yaponiyaya qarşı istifadə edilib və nəticədə nüvə silahlanma yarışı "qarşılıqlı təminatlı məhv" siyasətini doğurub. Üstəlik, bu rəqabət dəyişib, ABŞ və Sovet İttifaqı arasında soyuq müharibəyə səbəb olub.

1991-ci ildə Sovet İttifaqının dağılması ilə soyuq müharibə başa çatsa da, nüvə silahlarının toplanması nəticəsində yaranan qarşılıqlı məhvetmə siyasətində tarazlıq davam edir. Bu gün ABŞ və Çin supergücləri arasında ümumi süni intellektin inkişaf etdirilməsi yarışının atom bombası məsələsində olduğu kimi yeni balans yarada biləcəyi proqnozlaşdırılır. Bir çox aparıcı kompüter alimi və süni intellekt tədqiqatçıları xəbərdarlıq edirlər ki, bu yarış bəşəriyyət üçün ekzistensial risk yaradır. Böyük Manhetten Layihəsi tərzi təşəbbüsü ilə başlayan yarış da "Terminator" filminin ssenarisinə bənzədilir. Bu filmdə qondarma "Cyberdyne Systems" şirkəti ABŞ hökuməti ilə əməkdaşlıq edərək ümumi süni intellekti inkişaf etdirir və sıçrayış son nəticədə bəşəriyyətin sonunu gətirən nüvə səviyyəsində fəlakətə gətirib çıxarır.

ABŞ-nin Süni İntellekt üçün Manhetten Layihəsinə Təşəbbüsü

Hesabatda İkinci Dünya Müharibəsi zamanı ilk atom bombasının hazırlanması ilə nəticələnən Manhetten Layihəsinə bənzər nəhəng təşəbbüsün zəruriliyi və dövlət-özəl tərəfdaşlığın ümumi süni intellektin inkişafı üçün açar olduğu vurğulanır. Hesabata görə Çinlə rəqabət aparmaq üçün ABŞ Konqresi süni intellekt, bulud hesablamaları və məlumat mərkəzi şirkətlərinə uzunmüddətli müqavilələr və vəsait ayırmalıdır. Özəl sektorun bu dəstəyinin kompleks tədqiqat layihələrinin həyata keçirilməsinə imkan yaradacağı düşünülür.  Hesabatı hazırlayan komissiyanın üzvü və proqram təminatı şirkəti "Palantir"in baş müşaviri Ceykob Helberq "Reuters"ə verdiyi açıqlamada deyib:

"Tarix boyu biz görmüşük ki, sürətli texnoloji dəyişikliklər ilə dövrlərini ilk ələ keçirən ölkələr qlobal güc balansında dəyişikliklərə səbəb ola bilər. Çin tam sürətlə ümumi süni intellektə doğru irəliləyir. Onları ciddi qəbul etməyimiz çox vacibdir."

Mənbə: Evrim ağacı

Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et