Boludakı Kartalkaya ərazisinin məşhur otellərindən olan "Grand Kartal" otelində gecə saatlarında baş verən yanğında həyatını itirənlərin sayı 76-ya yüksəlib. 20-dən çox yaralının müalicəsi davam edir. Axtarış və yoxlama işləri dayandırılıb.

Daxili İşlər Naziri Əli Yerlikaya həyatını itirən 52 nəfərin şəxsiyyətinin müəyyən edildiyini bildirib. O bildirib ki, onlardan 45-nin meyiti ailələrinə təhvil verilib. Az sayda cəsədin müəyyən edilməsi üçün məhkəmə tibb müəssisələrində DNT araşdırmaları davam edir.
Ali Yerlikaya, "Bütün suallara cavab veriləcək. Məhkəmə istintaqı təşkil ediləcək. Qəlbimizdəki ağrıları birlikdə soyutmaq üçün nə lazımdırsa, biz bir hüquq dövlətiyik, ona görə mütləq ediləcək" - deyib. Yerlikaya bildirib ki, Ədliyyə Nazirliyi saxlanılan şəxslərlə bağlı təfərrüatları açıqlayacaq.
Ədliyyə naziri Yılmaz Tunç iş sahibinin də nəzarətə alındığını açıqlayıb. Səhiyyə Nazirliyi bildirir ki, xəsarət almış 29 nəfər xəstəxanalardan evə buraxılıb, 22 nəfərin müalicəsi isə davam etdirilir.
Oteldən ilk açıqlama : “Biz əməkdaşlıq edirik”
“Grand Kartal Hotel”dən verilən açıqlamada deyilir : “Hadisənin bütün tərəflərini aydınlaşdırmaq üçün səlahiyyətlilərlə əməkdaşlıq edirik”. Açıqlamada oteldə yanğına qarşı tədbir görülmədiyi iddialarına münasibət bildirilməyib. Açıqlamada yanğın zamanı otel sahiblərinin ailə üzvlərinin də olduğu və “Bu ağrıya ürəkdən şərik olduğumuzu bilmənizi istəyirik” ifadələri işlədilib.
Prezident Rəcəb Tayyib Ərdoğanın yanvarın 22-nin çərşənbə günü milli matəm elan edilməsindən sonra Türkiyədə və xarici ölkə səfirliklərindəki bayraqlar yarıya qədər endirilib. Daxili işlər naziri Ali Yerlikaya əvvəlki açıqlamasında 12 mərtəbəli taxta oteldə 238 nəfərin yerləşdirildiyini bildirib. Yanğınla bağlı ilk məlumatın gecə saat 03:27-də alındığını bildirən Yerlikaya, "Otelin arxası yamac olduğu üçün müdaxilə yan və ön tərəfdən olub" - deyib. Ali Yerlikaya bildirib ki, oteldə xidmət göstərən iki yanğın nərdivanı da olub.
Pəncərədən atılan iki nəfər ölüb
Yerlikaya və Ərsoyla yanaşı, Səhiyyə naziri Kamal Memişoğlu, Əmək və Sosial Müdafiə naziri Vedat Işıkhan da yanğını araşdırmaq üçün Kartalkayada olublar. Bolu valisi Əbdüləziz Aydın yanvarın 21-i səhər saatlarında verdiyi açıqlamada, yanğının dördüncü mərtəbədəki restoran hissəsində (yüksəklik fərqinə görə) çıxdığını düşündüklərini, lakin dəqiq müəyyən etmək üçün işlərin davam etdiyini söyləyib. Qubernator Aydın bildirib ki, ölənlərdən ən azı ikisi yanğın səbəbilə üzərində olduqları mərtəbədən tullanaraq ölüb. Aydın bu şəxslərdən birinin kadr, digərinin isə qonaq olduğunu bildirib. Anadolu Agentliyinin verdiyi xəbərə görə, yanğına Bolu, Düzce, Kocaeli, Sakarya, Karabük, Zonguldak, Bartın və Ankaradan göndərilən xilasetmə qrupları müdaxilə edib.
Yanğınsöndürən maşınlar nə vaxt gəlib?
Yanğın zamanı çəkilən görüntülərdə pəncərələrdən kəndir kimi istifadə edilən çarşaflar diqqət çəkib. Xizək təlimatçısı Necmi Kepçetutan, otelin ikinci mərtəbəsində olduqlarını və yüksəklik fərqi səbəbilə xizək otağından çıxmağı bacardıqlarını bildirib. O, işçilər tərəfindən oyandırıldığını və daha sonra yardım işlərinə qoşulduğunu qeyd edib. Kepçetutan əlavə edib ki, pilləkənlərdən istifadə edərək insanları 7-ci mərtəbədən aşağı endiriblər. Xizək üzrə təlimatçı onu da deyir ki, ailələrindən başqa mərtəbələrdə bir qrup uşağın olduğunun şahidi olmayıb. 20 ildir otel biznesində çalışan Kepçetutan bildirib ki, Grand Kartalın sahibi olan ailə də yanğın zamanı oteldə olub və ailə üzvlərini çöldə görüb.
Mənbə: BBC
Tərcümə etdi: Dilbər Paşazadə
