Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər Koordinasiya Ofisinin (UNOCHA) sözçüsü Jens Laerke bildirib ki, Qəzzadakı insanların sığınacaq ehtiyaclarının qarşılanması üçün vaxt itirilməməlidir.
Laerke BMT-nin Cenevrədəki ofisində keçirilən həftəlik mətbuat konfransında Qəzzadakı vəziyyətlə bağlı qiymətləndirmələr edib.
İsrail ilə Həmas arasında əldə olunan razılaşmadan sonra 19 yanvarda Qəzzada atəşkəs və əsir mübadiləsi sazişinin qüvvəyə mindiyini xatırladan Laerke: “İndi böyük ümid dövrüdür, kövrək, lakin həyati bir mərhələ. Bu atəşkəs sazişi davam etməlidir. Əlbəttə ki, qarşıdakı çətinliklər heç kim tərəfindən kiçik görülməməlidir; dağıntıların aradan qaldırılması və müharibədən qalan partlayıcı sursatların təmizlənməsi bunlardan bəziləridir" , – deyə bildirib.
Laerke sazişin təminatçıları və İsraillə birlikdə yardım məhsullarının çatdırılması üçün çalışdıqlarını, eyni zamanda sahədə yerli hakimiyyət orqanları və icmalarla əlaqə saxladıqlarını qeyd edib.
Laerke atəşkəs və əsir mübadiləsi razılaşmasının qüvvəyə minməsi ilə Qəzzaya yardım sürətinin artdığını vurğulayıb və 19 yanvardan bu yana yüzlərlə humanitar yardım maşınının Qəzza zolağına daxil olduğunu bildirib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Gülçin Abdullayeva
