Bu gün:

ABŞ-də TikTok qadağan edilib


Çin mənşəli sosial media tətbiqi TikTok bir Amerika şirkətinə satılmadığı təqdirdə ABŞ-də qadağan olunmasını nəzərdə tutan qanun çərçivəsində istifadəyə bağlanıb.


TikTok rəsmi olaraq 19 yanvarda qüvvəyə minəcək qadağadan saatlar əvvəl ABŞ-də istifadəyə qapadılıb.

ABŞ-də 170 milyondan çox istifadəçisi olan TikTok-a giriş etmək istəyənlər "Üzr istəyirik, TikTok hazırda əlçatan deyil. ABŞ-də TikTok-u qadağan edən qanun qüvvəyə minib. Təəssüf ki, hazırda TikTok-dan istifadə edə bilməzsiniz" mesajı ilə qarşılaşıblar.

Mesajın davamında TikTok ABŞ-nin seçilmiş prezidenti Donald Trampın bu qadağaya həll tapmaq üçün çalışdığını qeyd edib.

Donald Tramp isə dünən verdiyi açıqlamada TikTok-un müvafiq qanuna uyğun hərəkət edib qadağadan xilas olması üçün şirkətə əlavə 90 gün möhlət verməyi nəzərdən keçirdiyini bildirib.

"Milli təhlükəsizlik narahatlıqlarını aradan qaldırmaq üçün satılmalıdır"

ABŞ Ali Məhkəməsi cümə günü TikTok-un satılmadığı halda qadağan olunmasını nəzərdə tutan qanunun tətbiqini təsdiqləyib.

Məhkəmə açıqlamasında bildirib ki, "Konqres TikTok-un məlumat toplama təcrübələri və xarici rəqiblə əlaqəsinə dair milli təhlükəsizlik narahatlıqlarını aradan qaldırmaq üçün onun satılmasının vacib olduğuna qərar verib."

Səs birliyi ilə qəbul edilən qərara görə, sosial media tətbiqi 19 yanvara qədər satılmasa, Google və Apple kimi platformalardan silinəcək və həmin tarixdən sonra cihazlara yüklənməsi qadağan ediləcək.

Mənbə: TRT Haber

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et