"SpaceX" cümə axşamı Starship kosmik gəmisinin sınaq uçuşu zamanı parçalandığını açıqlayıb. Raketin yuxarı hissəsinin Meksika körfəzi və ya Karib dənizi üzərində parçalandığı ehtimal edilir. Elon Mask "X" platformasında qalıqların videosunu paylaşaraq hadisənin oksigen və yanacaq sızması səbəbindən baş verdiyini bildirib. O şirkətin yanğınsöndürmə sistemini gücləndirəcəyini, lakin gələcək buraxılışların plan üzrə davam edəcəyini vurğulayıb.

"SpaceX"in yeddinci test uçuşu Texasdan uğurla başlamış, raketin gücləndirici modulu yerə qaytarılmışdı. Lakin uçuşdan təxminən 9 dəqiqə sonra şirkət Starship ilə əlaqəni itirdiyini açıqlayıb. "SpaceX" hadisəni "nəzarətsiz sürətli parçalanma" adlandırıb. ABŞ Federal Aviasiya Administrasiyası (FAA) hadisədən sonra raket qalıqlarının düşdüyü ərazidə qısa müddətlik hava nəqliyyatının məhdudlaşdırıldığını bildirib.
Starship dünyanın ən güclü raketi sayılır və 400 fut (122 metr) hündürlüyə malikdir. İki əsas hissədən – "Super Heavy" gücləndiricisi və yuxarı mərhələ Starship gəmisindən ibarətdir. NASA bu sistemi 2027-ci ildə astronavtların Ay səthinə enişini nəzərdə tutan Artemis III missiyasında istifadə etməyi planlaşdırır. Elon Mask Starship-in gələcək Mars missiyalarında da mühüm rol oynayacağını bildirib.
NASA rəhbəri Bill Nelson test uçuşlarının əhəmiyyətini vurğulayaraq "Hər sınaq bizi Aya və Marsa daha da yaxınlaşdırır", - deyə qeyd edib.
Mənbə: NBC News
Tərcümə etdi: Xavər Məmmədli
