İngiltərədə tibb sektorunda ciddi böhran yaşanır. Kral Tibb Bacısı Kolleci (RCN) tərəfindən aparılan sorğu nəticəsində məlum olub ki, xəstəxanaların həddindən artıq doluluğu səbəbindən tibb bacıları xəstələrə dəhlizlərdə, anbarlarda, avtomobil parklarında və hətta tualetlərdə baxmağa məcbur olurlar.
Sorğu 5000-dən çox tibb bacısını əhatə edib. Onların 91,5%-i ən azı ayda bir dəfə, 66,8%-i isə hər gün uyğun olmayan yerlərdə xəstələrə xidmət göstərdiklərini bildirib.
Xəstəxanalardakı vəziyyətin təfərrüatları
• Xəstələr dəhlizlərdə, anbarlarda və tualetlərdə müalicə olunur.
• Dəhlizlərdə ürək tutmasından həyatını itirən xəstələr olub. Bir xəstənin ayaqyolunun yanında vəfat etdiyi qeyd edilib.
• Kadr çatışmazlığı səbəbindən bəzi xəstələr saatlarla çirkli paltarda gözləmək məcburiyyətində qalıblar.
• Tibb bacıları xəstələr və onların yaxınları tərəfindən təhqirlərə, silahlı təhdidlərə və bəzən də hücumlara məruz qalır.
Sistem miqyasında böhran
RCN-nin baş katibi və İdarə Heyətinin sədri Prof. Dr. Nicola Ranger vəziyyətin yalnız müəyyən xəstəxanalarla məhdud olmadığını, bütün sistemi əhatə edən bir böhran olduğunu vurğulayıb. O, problemin həlli üçün hökumətin təcili müdaxiləsinin zəruri olduğunu qeyd edib.
Tibb bacılarının çarəsizliyi
Sorğu nəticələri göstərir ki, tibb bacıları arasında ruh düşkünlüyü və tükənmişlik geniş yayılıb. Bir tibb bacısı bildirib: “Hər gün yeni iş axtarıram, çünki həmkarlarımın çoxu artıq sektoru tərk edib və geri dönməyi düşünmür".
Başqa bir tibb bacısı isə deyib: “Xəstələrin diqqətsizlikdən ölməsi riski çox yüksəkdir. Hər kəsdə gərginlik və diqqət dağınıqlığı halları artır".
Bu vəziyyət İngiltərədə səhiyyə sisteminin təcili struktur dəyişikliyinə ehtiyacını bir daha ortaya qoyur.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səidə Əsədli
