Xəzər dənizində palçıq vulkanının püskürməsi nəticəsində yaranan qısaömürlü “xəyal adası” tədqiqatçıların diqqətini çəkib. Ada 2023-cü ilin əvvəllərində meydana gəlib, lakin 2024-cü ilin sonuna qədər yenidən dənizə qarışaraq Yer səthinin altındakı dəyişkən qüvvələrə qısaca nəzər salmağa imkan verib.

NASA-nın Yer Obzervatoriyasına görə, ada Azərbaycanın şərq sahilindən təxminən 25 kilometr (15 mil) uzaqlıqda yerləşən Kumani Bank palçıq vulkanının güclü püskürməsi nəticəsində yaranıb.
NASA-nın Yer Obzervatoriyası adanın qısa ömürlü varlığını Landsat 8 və 9 peyklərindəki Operational Land Imager (OLI) və OLI-2 ilə çəkilən görüntülər vasitəsilə izləyib. 2022-ci ilin noyabrında çəkilən görüntülərdə Kumani Bank vulkanının zirvəsi Xəzər dənizinin səthi altında qalıb. Lakin 2023-cü ilin 14 fevralında kiçik bir ada suyun üzünə çıxıb.
Yer Obzervatoriyasına görə, ada 2023-cü il yanvarın 30-u ilə fevralın 4-ü arasında meydana gəlib və təxminən 400 metr (1300 fut) enində idi. Bu müşahidə Adelaida Universitetinin geoloqu Mark Tingey tərəfindən təsdiqlənib. O bildirib: “Kumani Bank püskürməsi əhəmiyyətli ölçüdə bir ada yaratdı, lakin bu ada uzunömürlü olmadı".
Bir il ərzində, 2024-cü ilin sonuna yaxın, Kumani Bank vulkanının yalnız kiçik bir hissəsi suyun üzərində görünür, qalan hissəsi isə demək olar ki, tamamilə eroziyaya uğrayıb.
Mənbə: Mint
Tərcümə etdi: Səidə Abasova
