Bu gün:

OpenAI "Siyasi qərəzsizlik" ifadəsini siyasət sənədindən silib


OpenAI ABŞ-dəki süni intellekt sənayesi üçün hazırladığı "iqtisadi plan" sənədindəki "siyasi cəhətdən qərəzsiz" ifadəsini səssizcə çıxarıb.

Sənədin ilkin versiyasında süni intellekt modellərinin "standart olaraq siyasi cəhətdən qərəzsiz olmağa çalışmalı" olduğu vurğulanırdı. Lakin yeni redaktə olunmuş versiyada bu ifadə yer almır. Şirkətin sözçüsü bu dəyişikliyi sənədin "daha yığcam və konkret" olması üçün atılmış addım kimi izah edib. O, digər sənədlərdə obyektivliyə dair mövzuya kifayət qədər yer verildiyini də bildirib.

Bununla yanaşı, bu dəyişiklik ABŞ-da süni intellekt texnologiyaları ilə bağlı qərəz müzakirələrinin siyasi müstəviyə keçdiyini göstərir. Xüsusilə seçilmiş prezident Donald Trumpın tərəfdarları süni intellekt çatbotlarını mühafizəkar fikirlərə qarşı senzura tətbiq etməkdə ittiham edirlər. Süni intellekt üzrə məsul şəxs David Sacks isə ChatGPT-ni "oyadılmış proqramlaşdırma" ilə qərəzli olmaqda günahlandırıb.

Məlumat üçün qeyd edək ki, OpenAI-nin bu qərarı texnologiya sahəsində obyektivlik və qərəzsizlik mövzularının daha geniş müzakirə edilməsinə səbəb olub.

Mənbə: Techcrunch 
Tərcümə etdi: Zeynəb Yunuszadə 

Paylaş
Şərh əlavə et