HƏMAS Qətərin paytaxtı Dohada İsraillə HƏMAS arasında aparılan Qəzzada atəşkəs və əsir mübadiləsinə dair gözlənilən razılaşmanın son mərhələsinə çatıldığını bəyan edib.

HƏMAS-ın yazılı açıqlamasında “Atəşkəs və əsir mübadiləsi razılaşması son mərhələsinə çatıb” ifadəsi qeyd olunub.
Razılaşma tam yekunlaşana qədər Fələstin qruplarının liderləri ilə görüşlərin davam etdirilməsinin vacibliyi vurğulanan açıqlamada Dohadakı danışıqlarda əldə olunan irəliləyiş və Fələstinli qrupların liderlərinin mövqeləri ilə bağlı “bir sıra görüşlər və məsləhətləşmələr” aparıldığı bildirilib.
Açıqlamaya əsasən, Fələstinli liderlər növbəti mərhələ üçün zəruri milli hazırlıqların aparılmasının vacibliyini vurğulayıb. Liderlər bu danışıqlar turunun “aydın və əhatəli bir razılaşma” ilə nəticələnəcəyi ümidini ifadə ediblər.
İsrail Baş naziri Benyamin Netanyahu Qəzzada atəşkəs və əsir mübadiləsi danışıqlarının aparıldığı Qətərə yüksək səviyyəli İsrail danışıqlar heyətini göndərmək qərarı alıb.
Heyətə Xarici Kəşfiyyat Xidməti Mossadın direktoru David Barnea və Daxili Kəşfiyyat Xidməti Şin-Betin (Şabak) direktoru Ronen Bar da daxildir.
İsrail mətbuatında yer alan xəbərlərə görə, İsrail ilə HƏMAS arasında əsir mübadiləsi razılaşmasının detallarının 90%-i üzrə razılıq əldə olunub.
Adının açıqlanmasını istəməyən fələstinli mənbələr isə atəşkəs və əsir mübadiləsi razılaşmasının demək olar ki, hazır olduğunu bildiriblər.
Mənbə: TRT Haber
Tərcümə etdi: Gülçin Abdullayeva
