Almaniya Kiyevin Rusiyaya qarşı müdafiə qabiliyyətini gücləndirmək məqsədilə Ukrayna üçün istehsal olunan inkişaf etmiş haubitsaların ilk dəstəsini təhvil verib.

Almaniyanın Müdafiə Naziri Boris Pistorius Kassel şəhərində təşkil olunan təhvil-təslim tədbirində Ukraynanın yeni uzaqdan idarə olunan RCH 155 tipli haubitsalarını qəbul etməyə başladığını vurğulayıb. O qeyd edib ki, “Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı apardığı müharibə dördüncü ilinə daxil olmaq üzrədir və bu gün çox güclü bir mesaj göndəririk. Mesajımız budur ki, Ukrayna bizə güvənə bilər. Almaniya Avropadakı öhdəliklərini yerinə yetirməyə hazırdır.”
Alman nazir son dövrdə Almaniyada 420-dən çox ukraynalı hərbçinin təlim keçdiyini bildirib.
Ukraynanın Berlindəki səfiri Oleksii Makeiev isə Ukraynanın təcili müdafiə ehtiyaclarını vurğulayaraq bu dəstək üçün təşəkkür edib.
Makeiev qeyd edib: “Bir gün danışıqlar masasına oturduğumuz zaman güclü alman silahları ilə qorunmaq və Almaniyanın yanımızda olduğunu bilmək bizim üçün yaxşı olacaq.”
Bu günkü təhvil-təslimdən sonra digər 6 dəstənin də bu il ərzində tədarük olunması planlaşdırılır.
Alman müdafiə sənayesi şirkəti KNDS Ukrayna üçün ümumilikdə 54 ədəd uzaqdan idarə olunan təkərli RCH 155 haubitsası təmin edəcək.
Almaniya ümumilikdə 28000000000 avroya çatan yardımları ilə ABŞ-dan sonra Ukraynanın ən böyük ikinci hərbi dəstəkçisi mövqeyindədir.
Mənbə: TRT Haber
Tərcümə etdi: Gülçin Abdullayeva
