Bu gün:

Fransa Çaddakı daha bir hərbi bazadan geri çəkilib



Fransa ilə Çad arasındakı əməkdaşlıq sazişinin ləğvindən sonra Fransız hərbi qüvvələri Çadın Abeşe şəhərində yerləşən Abeşe Hərbi Bazasını tərk edib.


Abeşe Hərbi Bazasının təhvil-təslim tədbirinə çox sayda Fransız və Çadlı rəsmi qatılıb.

Abeşe valisi Başar Əli Süleyman tədbirdə çıxış edərək bildirib: "Bu tarixi qərar Çadın müdafiə və təhlükəsizlik qüvvələrinə olan inamımızın göstəricisidir."

Tədbirdən sonra Abeşe Hərbi Bazasının Çad ordusuna təhvil verilməsi ilə bağlı razılaşma tərəflər arasında imzalanıb.

Bazadakı 120 Fransız əsgərindən 90-ı ölkəni artıq tərk edib. Qalan əsgərlərin isə 31 yanvara qədər ölkədən çıxması planlaşdırılır.

Çad hökuməti 28 noyabr 2024-cü ildə Fransa ilə imzalanmış müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlıq sazişini ləğv etdiyini elan edib. Bu qərardan sonra Fransız döyüş təyyarələri və hərbi qüvvələri ölkəni tərk etməyə başlayıb.

Faya Hərbi Bazası 26 dekabrda Çad ordusuna təhvil verilib. Paytaxt Ncamena şəhərindəki Adji Kossei Bazası da 31 yanvarda Çad ordusuna təhvil verildikdən sonra Fransanın Çaddakı hərbi varlığının tamamilə sona çatdırılması planlaşdırılır.

Mənbə: TRT Haber

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et