Bu gün:

Tənqidçilər "valehedici" dedi: Ayşegül Savaş son romanından danışdı


Ayşegül Savaş İstanbulda doğulub, Londonda və Kopenhagda böyüyüb.

2024-cü ildə ABŞ-ın keçmiş prezidenti Barak Obama sevimli kitablarının siyahısını paylaşanda Ayşegül Savaşın son romanı "The Anthropologists" də həmin siyahıda yer aldı.

Roman dünyanın ən nüfuzlu ədəbiyyat jurnallarından biri olan The New Yorker və məşhur Time jurnalının 2024-cü il siyahılarına daxil edilib.

The Guardian qəzeti, kitabı oxuculara tövsiyə edərkən onu "Müasir həyat və sevgi haqqında bilikli, zərif bir meditasiya yöntəmi" kimi təsvir edib. The New York Times isə romanı "valehedici" adlandırıb.

BBC Türkiyənin suallarını cavablandıran Ayşegül Savaş, üçüncü kitabının bu qədər səs gətirməsinin onun üçün gözlənilməz olduğunu deyir. İngiliscə yazan Savaş, "The Anthropologists" romanını "gündəlik həyat və onun kiçik sevinc anları üzərinə 'sakit' bir kitab" olaraq xarakterizə edir.

“Gördüyüm qədərilə, bu tip kitablar adətən kiçik oxucu kütləsinə xitab edir,” - deyə əlavə edir.

"İstanbul da daxil olmaqla, heç bir yerdə beş ildən çox yaşamamışam"

İstanbulda doğulan Ayşegül Savaş, diplomat ailəsində böyüyərək Adana, Ankara, London və Kopenhagda yaşamışdır.

Orta məktəbi bitirmək üçün yenidən İstanbula qayıdan Savaş, ABŞ-ın Vermont ştatındakı Middlebury Kollecində antropologiya və sosiologiya üzrə təhsil alıb. Bir müddət San-Fransiskoda çalışdıqdan sonra 2012-ci ildə litvalı həyat yoldaşı ilə birlikdə Parisə köçüb.

Savaş, həm yazarlığının, həm də son kitabının bu təcrübələrdən təsirləndiyini deyir.

"The Anthropologists" romanı, onun həyat yoldaşı ilə birlikdə səkkiz il Parisdə yaşayıb, daha sakit bir həyata keçid planladıqları dövrdən ilham alınıb.

Oxucular, əsərdə Asya və Manu adlı iki yad insanın özlərini aid hiss edəcəkləri bir ev tapmaq üçün adsız bir şəhərdəki axtarışlarına şahidlik edir.

Kitabda Asyanın baxış bucağından gündəlik həyat, yeni münasibətlər, yeni məkanlar və geridə qoyulanlar haqqında mürəkkəb suallar və müşahidələr təsvir olunur.

Ayşegül Savaş: "Yazarkən özüm üçün qısa müddətli bir ev inşa etdiyimi hiss edirəm, " - deyir. 

Həyatı boyu fərqli şəhərlər və ölkələr arasında səyahət edən Savaş, uşaqlıqdan bəri ədəbiyyatı özü üçün bir sığınacaq kimi gördüyünü deyir.

Savaş uşaqlıqda yaşadığı və bugünkü dünyagörüşünü formalaşdıran əsas hadisələrdən bəhs edərkən, "Balaca yaşda dilini bilmədiyim bir ölkəyə köçmək və utancaq bir uşaq olduğum üçün kitablarda özümə dost tapdım" sözlərini vurğulayır.

Digər xatirələr arasında isə "Karizmatik, ziddiyyətli, komik, sirlərlə və incikliklərlə dolu geniş bir ailədə doğulmaq; ailəsindən və ölkəsindən uzaqda, dağın başında bir universitet kampusunda təhsil alaraq öz kimliyini formalaşdırmaq, həyat yoldaşı ilə tanış olmaq, qaçmağa başlamaq və ana olmaq" kimi xatirələr var.

38 yaşlı yazar bu gün deyir:

"Bir kitab və ya hekayə yazarkən özüm üçün qısa müddətli bir ev inşa etdiyimi hiss edirəm. Sonra kitab bitir və özümü evsiz hiss edirəm. Uzun axtarışlardan sonra növbəti evimə köçürəm.

Lakin özüm qurduğum bu müvəqqəti sığınacaqların yanında, oxuduğum kitabların açdığı qapılar da var. Öz yazılarımın təqdim etdiyi müvəqqəti rahatlığın əksinə, ədəbiyyatın sığınacaqları kitab bitdikdən sonra belə varlığını hiss etdirərək məni güvəndə saxlayır". 

Savaşın ədəbiyyatını BBC Türkçe üçün şərh edən Boğaziçi Universitetinin Qərb Dilləri və Ədəbiyyatı bölməsindən akademik Deniz Gündoğan İbrişim, yazıçının "The Anthropologists" əsərində kimlik yaratmağın mənasını araşdırdığını qeyd edir:

"Elə buna görə də biz Fransada yaşayan bir türk qadınının daxili köçəri təcrübələrindən çox daha universal olan bir ev axtarışı hekayəsini oxuyuruq.

Gəncliyin müxtəlif mərhələlərini yaşayaraq, bəzən bir dostda, bəzən bir sənət əsərində, bəzən isə bir məkanda ev qurmaq mümkündür və həyatdakı bütün detallar vacibdir". 

Ayşegül Savaşın hekayələri uzun illərdir The New Yorker, The Paris Review, Los Angeles Review of Books və Granta kimi prestijli ədəbiyyat dərgilərində yayımlanır.

Onun ilk romanı "Walking on the Ceiling" 2019-cu ildə, ikinci romanı "White on White" isə 2021-ci ildə çap olunub.

2024-cü ildə isə "The Anthropologists" romanı ilə yanaşı, onun ana olma təcrübələrini təsvir edən "The Wilderness" adlı əsəri də işıq üzü görüb.

Savaşın kitabları bu günə qədər altı dilə tərcümə edilib. "The Anthropologists" yaxın illərdə Türkiyədə də yayımlanacaq, lakin dəqiq tarixi hələ məlum deyil.

Mənbə: BBC Turkiye

Tərcümə etdi: Zeynəb Həsənova



Paylaş
Şərh əlavə et