ABŞ-nin Los-Anceles şəhərində davam edən yanğınlar nəticəsində həyatını itirənlərin sayı 10-a çatıb.
Los-Anceles bölgəsinin tibbi ekspertiza qurumu günlərdir davam edən yanğınlar səbəbindən 10 nəfərin həyatını itirdiyini açıqlayıb.
Yanğınlar nəticəsində 10 mindən çox bina zərər görüb, bəziləri isə tamamilə yararsız hala düşüb.
Kaliforniya Meşə və Yanğınların Qorunması Departamentinin məlumatına görə İton bölgəsində təxminən 5668 hektar ərazini əhatə edən yanğın hələ də nəzarət altına alınmayıb. Palisades bölgəsində isə təxminən 8094 hektar ərazini kül edən yanğının yalnız 6%-i söndürülüb.
Los-Ancelesin polis işçiləri şəhərin Vudlend Hills bölgəsində yanğın törətməkdə şübhəli bilinən bir nəfərin saxlanıldığını açıqlayıb.
Pasadenanın İcra Hakimiyyətinin başçısı Viktor Gordo hazırda evakuasiya əmri verilmiş sakinlərə rəsmi məlumat alana qədər evlərinə dönməməyi tövsiyə edib.
Los-Anceles bölgəsi üzrə təxminən 180000 nəfər üçün hələ də aktiv təxliyə əmri, 200000 nəfər üçün isə təxliyə xəbərdarlığı qüvvədədir.
Mənbə: TRT Haber
Tərcümə etdi: Gülçin Abdullayeva
