Bu gün:

Nəhayət, “sirli vulkan” müəyyən edilib


Simuşir adası Şimali Sakit okeanda əvvəllər müəyyən edilməyən 1831-ci il püskürməsinin mənbəyi olub. Uzaq və yaşayış olmayan Simuşir Rusiya və Yaponiyanın mübahisəli ərazisi olan Kuril adalarının bir hissəsidir. Bu püskürmə XIX əsrin ən güclü püskürmələrindən biri idi və stratosferə o qədər çox kükürd qazı yayıb ki, Şimal yarımkürəsində orta illik temperatur təxminən 1 dərəcə Selsi (1,8 dərəcə Farenheyt) azalıb. Bu hadisə son 10 min ilin ən soyuq dövrlərindən biri olan Kiçik Buz Dövrünün son nəfəsində baş verib.

Bu tarixi püskürmənin ili məlum olsa da, vulkanın yeri naməlum idi. Tədqiqatçılar bu sirri Qrenlandiyada buz nüvələrini analiz edərək həll ediblər. Onlar nüvələrin təbəqələrində 1831-1834-cü illər arasında yerləşən kükürd izotoplarını, kül dənəciklərini və kiçik vulkanik şüşə qırıntılarını tədqiq ediblər.

Tədqiqat nəticəsində məlum olub ki, bu püskürmə Kuril adalarının bir hissəsi olan Simuşir adasındakı Zavariçki vulkanında baş verib. Zavariçkinin əvvəlki məlum püskürməsi eramızdan əvvəl 800-cü ilə aid idi.

“Həqiqi bir kəşf anı”

Qrenlandiyadakı buz nüvələrində 1831-ci ildə kükürd izlərinin Antarktidadan 6,5 dəfə çox olduğu ortaya çıxıb. Bu, Şimal yarımkürəsində orta enliklərdə böyük bir vulkan püskürməsi olduğunu göstərib.

Zavariçki vulkanının püskürməsi 1,87 mil genişliyində kaldera yaradıb. Vulkanın püskürməsi nəticəsində, 1831-ci ildən sonra Şimal yarımkürəsində daha sərin və quraq iqlim şəraiti meydana gəlib. Bu, Hindistan, Yaponiya və Avropada milyonlarla insanı təsirləndirən aclıq və çətinliklərə səbəb olub. 

Bu hadisə alimləri təbiətin təsirlərinə hazırlıqlı olmaq üçün yeni düşüncələrə vadar edir.

Mənbə: CNN News

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et