ABŞ-də Facebook, Instagram və Threads hesablarını silmək üçün Google axtarışlarının sayı kəskin artıb. Bu artım, Meta-nın CEO-su Mark Zukerberqin fakt yoxlama xidmətini dayandırmaq, məzmun moderasiyasını zəiflətmək və siyasi məzmun məhdudiyyətlərini aradan qaldırmaq qərarına gəldikdən sonra baş verib.

Mütəxəssislər bu addımı Meta-nın gələcəkdə Tramp administrasiyası ilə münasibətlərini qorumaq və siyasi təzyiqlərdən yayınmaq üçün atdığı bir cəhd kimi qiymətləndirirlər. Bununla belə, yeni siyasət nifrət, zorakılıq və yanlış məlumatların yayılmasını sürətləndirə bilər ki, bu da istifadəçilərin narahatlığına səbəb olub.
Məsələ ilə bağlı ictimaiyyət dərhal reaksiya göstərib. Son günlərdə "Facebook-u tamamilə necə silmək olar? " kimi ifadələr Google Trends-də 100 bal yığaraq maksimum maraq səviyyəsinə çatıb. Axtarışların artımı Meta-nın qərarlarına qarşı ictimai narazılığı bir daha nümayiş etdirməkdədir.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
