Bu gün:

Çində HMPV virusunun yayılması narahatlıq yaradır


Çinin şimalında HMPV (Human Metapneumovirus) adlı virusun yayılması ciddi narahatlıq doğurub. İnsanlarda qrip və ya soyuqdəyməyə bənzər simptomlara səbəb olan bu virus əsasən burun tutulması, hərarət və öskürək əlamətləri ilə özünü göstərməkdədir.

HMPV, insanlarla birbaşa təmas və ya virusun olduğu səthlərə toxunmaqla yayılır. Hazırda Çinin şimal bölgələrində artan yoluxma halları aşağı temperaturla əlaqələndirilir. Temperaturun mart ayına qədər aşağı səviyyədə qalacağı proqnozlaşdırılır.

Epidemioloq Jacqueline Stevens qeyd edib ki, hazırda HMPV virusunun artması yalnız Çində deyil, şimal yarımkürəsinin bir çox ölkəsində müşahidə olunur. Yoluxanların bir çoxu xəstəxana yardımına ehtiyac duyacaq, lakin ölüm halları hələki çox aşağıdır.

Son günlər sosial mediada Çində xəstəxanaların dolub-daşdığı görüntülər yayılsa da, infeksion xəstəliklər üzrə mütəxəssis Dr. Hsu Li Yang ictimaiyyəti sakit olmağa çağırıb. O bildirib ki, HMPV yeni bir virus deyil və onilliklərdir tanınır. "Bu virus artıq qlobal miqyasda mövcuddur və insanlar əvvəlki yoluxmalar səbəbindən müəyyən dərəcədə immunitetə malikdirlər", – deyə o qeyd edib.

Ekspertlər bildirir ki, HMPV-nin Covid-19 kimi qlobal pandemiyaya səbəb olacağı ehtimalları əsassızdır. Virusun vəziyyəti diqqətlə izlənilir və ictimai sağlamlıq üçün böyük bir təhlükə yaratmadığı vurğulanır.

Mənbə: BBC NEWS 
Tərcümə etdi: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et