Çinin şimalında “insan metapnevovirusu” (HMPV) hallarının artması epidemiya qorxusu yaradıb. Xüsusilə uşaqlar arasında yayılmaqda olan virus soyuqdəyməyə bənzər simptomlarla ortaya çıxır. Virus immuniteti zəif olan şəxslərdə, yaşlılarda və xroniki xəstəliyi olanlarda ciddi tənəffüs yolu problemlərinə səbəb ola bilər.
Pekin rəhbərliyi bu artımı mövsümi bir vəziyyət kimi qiymətləndirsə də, yerli səhiyyə qurumları təcili tədbirlər görüblər. Əhalidən şəxsi gigiyena qaydalarına riayət etmələri və izdihamlı məkanlardan uzaq durmaları istənilib.
Çindəki xəstəxanalarda maska taxan insanların şəkilləri və videoları sosial media platformalarında yayılarkən, yerli xəbərlərdə HMPV epidemiyasının səhnələrinin COVID pandemiyasını xatırlatdığı bildirilib.
HMPV nədir və necə yoluxur?
İlk dəfə 2001-ci ildə müəyyən edilən insan metapnevovirusu damcı yolu ilə yoluxur və soyuqdəymə, öskürək, burun axıntısı kimi simptomlara səbəb olan tənəffüs yolu infeksiyasıdır. Virusa qarşı xüsusi bir müalicə və ya peyvənd mövcud deyil. Xəstəliyin müalicəsində əsas diqqət simptomların yüngülləşdirilməsinə yönəldilib.
Çindəki artışın səbəbləri arasında qış aylarının təsiri və sıx məskunlaşmış yaşayış yerlərinin rolu olduğu düşünülür. Mütəxəssislər virusun uşaqlar arasında sürətlə yayıla biləcəyini, lakin ümumi səhiyyə sistemi üzərində, hələ ki, ciddi bir yük yaratmadığını bildiriblər.
Əhali maska istifadəsi və sosial məsafə kimi tədbirlərlə qorunmağa təşviq edilir. Rəsmilər virusun yayılmasını dayandırmaq üçün izləmə proqramlarını artırıb və yoluxmanın intensiv olduğu bölgələrdə əlavə tibbi xidmətlər təmin ediblər.
Regionda vəziyyət necədir?
Honq Konq bir neçə HMPV halını açıqlayıb. Kamboca və Tayvan kimi qonşu ölkələr isə vəziyyəti yaxından izləyir. Kamboca Yoluxucu Xəstəliklərə Nəzarət İdarəsi HMPV-nin COVID-19 və qripə bənzədiyini vurğulayaraq xəbərdarlıq edib.
Mənbə: TRT haber
Tərcümə etdi: Nərgiz Orucova
