Monteneqro rəsmiləri bildiriblər ki, ikisi uşaq olmaqla azı 12 nəfəri güllələyən silahlı şəxs polisin mühasirəsində olarkən özünü öldürüb.

Çərşənbə günü Çetinye şəhərindəki bir barda baş verən davadan sonra yaranan atışmada ən azı dörd nəfər yaralanıb.
Daxili işlər naziri Danilo Şaranoviç bildirib ki, 45 yaşlı Ako Martinoviç adlı şəxs barın sahibini, bar sahibinin uşaqlarını və öz ailə üzvlərini öldürüb.
Polis paytaxt Podqoritsadan təxminən 30 kilometr (18 mil) şimal-qərbdə yerləşən qəsəbəyə hücumçunu axtarmaq üçün xüsusi dəstə göndərib. Polisin küçələrə axışması nəticəsində şəhərə daxil olan və çıxan bütün yollar bağlanıb.
Hücumdan sonra qaçan təcavüzkar daha sonra tapılaraq polis tərəfindən mühasirəyə alınıb. Şaranoviç deyib ki, o, başına atəş açaraq özünü öldürüb.
Şaranoviç bildirib ki, Martinoviç paytaxtdakı xəstəxanalardan birinə aparılarkən dünyasını dəyişib.
Hökumət cümə axşamı günündən başlayaraq üç günlük milli matəm elan edib, baş nazir Milojko Spajić atışmanı “dəhşətli faciə” kimi qiymətləndirib.
Mənbə: ABC news
Tərcümə etdi: Səidə Abasova
