Yeni ili 2025-ci ilin ilk meteorit yağışı ilə qarşılayırıq. İllik Quadrantid meteorit yağışı cümə günü sübh saatlarında zirvəyə çatacaq. Şimal yarımkürəsində yaşayanlar üçün bu, meteorit yağışı görmək üçün ən əlverişli vaxt olacaq. Yağış artıq başlayıb. Bu asteroloji hadisə yanvarın 16-dək davam edəcək.

Quadrantid yağışı Günəş ətrafında təxminən 5 ilə bir dövrə vuran 2003 EH1 asteroidinin qırıntıları səbəbindən yaranır. Bu meteoritlər daha parlaq və rəngli olur, çünki onlar böyük qırıntılardan ibarətdir.
Cümə günü sübh saatlarında zirvə vaxtında aypara batacağı üçün meteoritlər ay işığı ilə kölgələnməyəcək. Quadrantidlər, əsasən, orta və şimal enliklərdə günəş çıxmazdan əvvəl görünəcək. Şəhər işıqlarından uzaq, açıq bir məkanda adi gözlə müşahidə edilə bilər.
NASA-nın məlumatına görə, qaranlıq şəraitdə saatda təxminən 120 meteorit görmək mümkündür. Quadrantid meteorit yağışı digər yağışlardan daha qısa müddət – cəmi 6 saat davam edir. Onun adı artıq mövcud olmayan “Quadrans Muralis” bürcündən götürülüb.
Quadrantidlərdən sonra ilin növbəti əsas meteorit yağışı aprel ayında Liridlər olacaq.
Mənbə: NBC news
Tərcümə etdi: Xavər Məmmədli
