Bu gün:

"Özlərini "həkim" hesab edənlər insanların sağlamlığı ilə oynayırlar"


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi plastik cərrah Elnur Mehrəlidir. O, estetik əməliyyatlar zamanı ölüm hallarının artmasının səbəblərindən danışıb.


- Son zamanlar estetik əməliyyatdan sonra ölüm halları tez-tez müşahidə olunur. Sizc bunun səbəbləri nələrdir?

Sizin sualınız son zamanların ən aktual məsələlərindən biri haqqındadır. Təbii ki, bu peşəkar qisimdə plastik cərahiyyə ilə 18 illik fəaliyyət göstərən bizi də narahat etmiş olur. Son zamanlar, ümumiyyətlə, bu tendensiya çox artan bir istiqamət götürüb. Qeyri-ixtisas sahələrinin insanları, xüsusən də kosmetoloq, salon şəraitində dırnaq ustası və yaxud qaş ustası adlandırılan insanların tibbi prosedurlar, kosmetoloji inyeksiyalar, dolğular və müxtəlif bu tipli prosedurları etmələri və bundan da irəli gedib cərrahi prosedurları həyata keçirtmələri kimi çox neqativ hallara rast gəlirik. Bu proses dünyanın heç bir yerində qəbul edilmiyəcək haldır. Çünki heç bir tibbi savadı olmayan, özlərini  "həkim" hesab edənlər insanların sağlamlığı ilə oynayırlar, həmçinin onların sağlamlığına kortəbii şəkildə yanaşırlar. Çünki anatomik bilikləri olmayan şəxslər adi əzələ iynəsi dediyimiz antibiotik iynəsini vurmaqda belə haqq sahibi deyillər. Biz dəfələrlə şahidi olmuşuq ki, bu proseslər pasiyentləri çox ciddi əzələ iynələrindən belə absesləşmə, irinləmə hətta sinir və damar zədələnmələrinə qədər gətirib çıxarır və ümumiyyətlə, onlar haraya inyeksiya olunması lazım olduğunu heç bilmirlər.

Ümumiyyətlə, istər keçmiş Sovet dövründə, istərsə də müasir dövrdə, dünyanın çox yerlərində tibbi biliklərin öyrədilməsi üçün fənnlər var və bu fənnlərin içində insanlara iynələrin vurulmasından, damara düşməkdən tutmuş insanlara ilk tibbi yardım göstərməyin yollarını öyrədirdilər. Günümüzdə çox təəssüflər olsun ki, hətta bu dərəcədə sadə bilikləri olmayanlar dərhal əlinə hansısa bir iynəni alıb birbaşa insan bədənində təcrübə keçməyə başlayır və çox böyük fəsadlar yaradırlar. Açığı desək bu halların baş verməsi o "qurunun oduna yaş da yanır" misalı kimi bu işlə məşğul olan peşəkar həkimlərə də təsir etmiş olur. Bu da insanlarda sanki bizim ölkədə hazırlıqlı, peşəkar həkimlər, ümumiyyətlə, azdır, çatışmır və ya bu sahədə bizim biliklərimiz heç yoxdur fikirlərinin yaranmasına gətirib çıxarır. Bu məsələ heç düzgün məsələ deyil və bunun baş verməsi də bizim tərəfimizdən qəti şəkildə pislənilir. Belə insanlara ciddi mənada tədbir görülməsi və cəzalandırılması lazımdır ki, belə hallar baş verməsin və insanlarda bundan əziyyət çəkməsinlər.

Son zamanlarda məhz belə prosedurlardan sayılan liposaksiya və piyçəkmə prosedurlarının şahidiyik. Bu prosedurlarda adi sterilliyin belə qorunmadığı bir salon şəraitində, heç bir tibbi hazırlıq, savad, bilik və öhdəliyi olmadan bu proseslərin icra edilməsi çox ciddi sağlamlıq problemləri yaradır. Son hallarda da bu sepsis, yəni bədənin infeksiyalaşması, qanın zəhərlənməsi tipində hallara rast gəlinir. Eyni zamanda proses zamanı baş verən ağırlaşmaların aradan qaldırılması üçün ixtisaslı tibbi yardımın göstərilməsi və bu yardımı göstərəcək həkimin olması, yəni həkim əgər kifayət qədər savadlı, bilikli və bu prosesin öhdəsindən gələcək səviyyədə durmayıbsa deməli xəstənin ağırlaşmasına, daha ciddi sağlamlıq problemlərinin yaranmasına səbəb ola və hətta həyatını itirməyə qədər gətirib çıxara bilər. 

Bizim dəfələrlə bu mövzuda televiziya, radio, mətbuat, sosial media üzərindən çağırışlarımız, məqalələrimiz, öz şəxsi yutub kanalımızdan insanlara müraciətlərimiz olub ki, insanlarımız savadlanmalı, biliklənməli eyni zamanda belə şeylərdən uzaq olmalıdırlar. Həmçinin peşəkar və onlara düzgün şəkildə yardım göstərə biləcək ixtisaslaşmış klinikalarda bu işləri gördürməlidirlər. Əks halda, o ağırlaşmalardan onlar qaça bilməyəcəklər. Çox təəssüf ki, insanlar günümüzdə sağlamlıqlarına o qədər aşağı səviyyədə, məsuliyyətsiz yanaşır, və özlərini ucuz tuturlar ki, 3-5 manat kimi hansısa ucuz qiymətə deyilən hər hansı bir yeri araşdırmadan, heç bir tibbi savadının olduğuna əmin olmadan o insanlara müraciət edirlər ki, halbuki onlar heç həkim deyillər, mən onlara heç həkim də deməzdim. Əllərinin altına uzanırlar və sonra ağırlaşmış fəsadlarından qurtula bilmirlər. Elə bir hal yaranır ki, yanımıza gələrkən biz o insanlara artıq kömək etmək iktidarında belə ola bilmirik, çünkü dəfələrlə bu problemlərlə üzləşmiş olurlar. Mənim şəxsən öz yanımda dəfələrlə uğursuz liposaksiyalarla gəlmiş pasiyentlər olur. Hətta bir pasiyentim var idi ki, burun əməliyyatını salon şəraitində etdirmişdi. Mən sual verdim ki, "Xanım yaxşı deyək ki, onu edənin ağlı yoxdur, o insan olaraq bir Frankenşteyndir. Yəqin ki, bilirsiniz Frankenşteyn kimdir. Bəs sizə nə gəlib ki, belə birinin əlinin altına uzanırsız və belə bir halda şikayətlənirsiz ki, hər hansı fəsad yaranıb. Axı onun heç bir ixtisası, tibbi savadı yoxdur ki, bu barədə siz onun əlinin altına uzanmış olasız?". Biz çox istəyərdik ki, insanlarımız ilk növbədə mariflənmiş olsunlar. Əlavə olaraq qeyd etmək istəyirəm ki, Azərbaycana ilk gətirdiyimiz adi bir liposaksiya cihazını biz araşdırmaq üçün Almaniyada bu cihazın tətbiq olunduğu çox tanınmış Cənubi Azərbaycan əsilli bir plastik cərrahın-Akşin Fateminin yanında olduq. O dünyaca məşhur liposaksiya və bədən şəkiləndirmə əməliyyatlarını icra edən həkimlərdən biridir. Və biz bunu araşdırdıqdan və özümüzdə o əməliyyatları orada icra etdikdən sonra bu cihazı Azərbaycana gətirdik, öz insanlarımızın istifadəsinə verdik, həmçinin bu gün də bu cihazı istifadə edirik. Yəni sözümüz bundan ibarətdir ki, biz insanlarımıza hər şeyin ən yaxşısını layiq bilirik və ən doğrusunu, seçilmişini, sınanmışını tətbiq və təklif edirik. Tövsiyəmiz budur ki, insanlarımız yerdə qalan tibbi cəhətdən savadsız insanların müdaxiləsindən qəti sürətdə yayınsınlar, özlərini o insanlara həvalə etməsinlər.


Fatimə Şükürova

Paylaş
Şərh əlavə et