Podkastlar artıq qulaqlıqlarla dinlənən formatdan çıxaraq, rəqəmsal platformalarda video formatda geniş izləyici kütləsi qazanır. Xüsusilə TV üzərindən podkast izlənməsi artıb. 2024-cü ildə "YouTube"da istifadəçilər hər ay TV vasitəsilə podkastlara 400 milyondan çox saat baxıb. "Spotify"da isə istifadəçilərin üçdə ikisi podkastları video ilə izləməyə üstünlük verib.

Ənənəvi tok-şouların populyarlığının azalması fonunda podkastlar daha çox diqqət çəkir. Tok-şou formatlı və müsahibə yönümlü podkastlar, xüsusilə, Joe Rogan, Alex Cooper kimi məşhurların proqramları, həmçinin yeni aparıcılar tərəfindən təqdim edilən layihələr getdikcə populyarlıq qazanır.
Bu tendensiya interaktivliklə dəstəklənir. Video podkastlar izləyicilərə təkcə məzmun deyil, həm də yaradıcılarla və digər izləyicilərlə əlaqə qurmaq üçün imkan yaradır. Qısa kliplərin paylaşıldığı "TikTok" və "YouTube Shorts" kimi platformalar da podkastların daha geniş kütləyə çatmasına kömək edir.
Edison Research-in araşdırmasına görə, podkast dinləyicilərinin 81%-i video formatı üstün tutur. Ekspertlər hesab edir ki, video podkastlar yeni nəsil tok-şou kimi qəbul edilir və izləyicilər üçün daha interaktiv təcrübə təklif edir. Bu format həm məzmun istehsalçılarına, həm də reklamçılara yeni imkanlar təqdim edir.
Mənbə: NBC News
Tərcümə etdi: Xavər Məmmədli
